“Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyi və ölkəmizdə veteran hərəkatı” mövzusunda tədbir keçirilmişdir
Bakı, 13 oktyabr (AZƏRTAC). Oktyabrın 13-də Bakı Şəhər Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasında “Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyi və ölkəmizdə veteran hərəkatı” mövzusunda tədbir keçirilmişdir.
Müdafiə Nazirliyinin Mərkəzi Zabitlər Evi ilə birgə təşkil olunmuş tədbirdə Respublika Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının sədri və müavinləri iştirak etmişlər.
AZƏRTAC xəbər verir ki, tədbirdə mövzu ilə bağlı Respublika Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının sədrinin müavini Surxay Tağızadə məruzə ilə çıxış etmişdir.
O, Azərbaycanın 20 ildə keçdiyi inkişaf yolundan, ölkəmizdə müstəqilliyin qorunub saxlanılmasında və möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən söz açmışdır. Bildirilmişdir ki, iyirmi il bundan əvvəl, oktyabrın 18-də xalqımızın tarixində böyük hadisə baş vermiş, Azərbaycan yenidən dövlət müstəqilliyini qazanmışdır. Ulu öndərin hakimiyyətə qayıdışı ilə müstəqilliyimiz əbədi olmuş, dönməz xarakter almışdır. Hazırda ümummilli liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri sırasına yüksəlmiş, regionda lider dövlət olmuşdur.
Sonra çıxış edən veteranlar onlara göstərilən diqqət və qayğıdan danışmış, müstəqilliyin ilk illərində ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qayğının daha da genişləndiyini vurğulamış, ulu öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini xüsusi minnətdarlıqla qeyd etmişlər.
Tədbirin sonunda Azərbaycan Prezidentinə müraciət qəbul olunmuşdur.
Mərasim maraqlı konsert proqramı ilə davam etmişdir.