AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV YAPONİYANIN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Dövlətimizin başçısı qonaqları salamlayaraq, son illər bir çox istiqamətlərdə, o cümlədən siyasi sahədə uğurla inkişaf edən Azərbaycan-Yaponiya münasibətlərinin yüksək səviyyədə olduğunu söylədi. Prezident İlham Əliyev iqtisadi sahədə əldə olunmuş səmərəli nəticələri xüsusi qeyd etdi. Məsələn, Yaponiya hökumətinin yardımı ilə Azərbaycanda bir sıra iri layihələr həyata keçirilmişdir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanda ən böyük həcmdə kredit qoyuluşları həyata keçirən ölkə kimi Yaponiya xeyli təmənnasız yardım da göstərir. Prezident İlham Əliyev neft-qaz sahəsində Azərbaycan-Yaponiya əməkdaşlığının yüksək səviyyədə olduğunu vurğulayaraq, Yaponiya şirkətlərinin Azərbaycanda fəaliyyətindən razı qaldığını bildirdi. O, Yaponiya ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf edəcəyinə və genişlənəcəyinə əmin olduğunu söylədi. Azərbaycan Prezidenti Yaponiya nümayəndə heyətinin indiki səfərinin əhəmiyyətindən danışaraq, bu səfərin ikitərəfli əlaqələrin genişlənməsində rolunu qeyd etdi.
Cənab Toru Toyoşima səmimi qəbula görə Azərbaycan Prezidentinə təşəkkür edərək dedi ki, ölkələrimiz arasında əlaqələrin əsası məhz ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya rəsmi səfəri ilə qoyulmuşdur. O, Yaponiya ilə Azərbaycan arasında əlaqələrin daha da möhkəmlənəcəyinə və inkişaf edəcəyinə ümid bəslədiyini bildirdi. Qonaq nümayəndə heyətinin səfərinin məqsədindən danışaraq dedi ki, Azərbaycanda gələcək ikitərəfli əməkdaşlığın istiqamət və perspektivlərinin öyrənilməsi üçün aparılmış araşdırmaların nəticələri Yaponiya hökumətinə, ölkənin işgüzar qurumlarına təqdim olunacaqdır. Toru Toyoşimanın sözlərinə görə, Yaponiya Azərbaycanla əlaqələrin genişlənməsində maraqlıdır. Nümayəndə heyətinin başçısı Prezident İlham Əliyevə Bakıda keçirilmiş görüşlər, hökumətdə aparılmış danışıqlar, iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsi məsələləri barədə edilmiş fikir mübadiləsi haqqında məlumat verdi.
Qəbulda Baş nazirin müavini Abid Şərifov, Yaponiyanın Azərbaycandakı səfiri Toşiyuki Fucivara iştirak edirdilər.