AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
Əziz qonaqlar!
Xanımlar və cənablar!
Sizi Azərbaycanda bir daha ürəkdən salamlayıram və sizə “Xoş gəlmisiniz!” deyirəm. Bu gün Azərbaycanla Yunanıstan arasındakı münasibətlərin yeni səhifəsi açılır, səmərəli siyasi dialoq aparılır. Münasibətlərimiz sürətlə inkişaf edir. Biz istəyirik ki, bu münasibətlər bütün sahələri əhatə etsin.
Hörmətli cənab Prezident!
Mən Sizin Azərbaycana rəsmi səfərinizi yüksək qiymətləndirir, bu səfərin ölkələrimiz arasında münasibətlərin yeni mərhələsinə zəmin yaradacağına inanıram. Şübhə etmirəm ki, keçirdiyimiz görüşlər, apardığımız danışıqlar qarşılıqlı fəaliyyət üçün yeni sahələri müəyyən edəcək, əlaqələrimizin bundan sonra daha da genişlənməsinə öz töhfəsini verəcəkdir. Ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əlaqələrin daha da inkişafı və genişlənməsi xüsusi əhəmiyyət daşıyır. Ümidvaram ki, bu günlər keçirilən Yunanıstan-Azərbaycan biznes forumunda ölkənizin iş adamlarının Azərbaycanın işgüzar dairələri ilə əlaqələri əməkdaşlığımıza yeni təkan verəcəkdir. Sizin səfərinizdən sonra əlaqələrimiz daha da güclənəcəkdir. Azərbaycan dövləti özünün ümummilli lideri Heydər Əliyevin təməlini qoyduğu daxili və xarici siyasət xəttini davam etdirir. Bu baxımdan Azərbaycanın Avropaya və Avroatlantik strukturlarına, beynəlxalq təşkilatlara inteqrasiyası önəmli yer tutur.
Məhz Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan dünyada özünəlayiq yer tutmuşdur. Ölkəmiz Avropa Şurasının üzvüdür və “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO və eləcə də Avropa və Avroatlantika strukturları ilə uğurlu əməkdaşlıq edir. Avropa Birliyi Azərbaycanı genişlənmiş Avropa və qonşuları siyasətinə daxil etmişdir. Bu gün dünyanın ən böyük enerji layihələri Azərbaycanda həyata keçirilir. Xəzər hövzəsi enerji daşıyıcılarının Qərbə nəqli, TRASECA proqramı, Böyük İpək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri bunun parlaq nümunəsidir. Bu layihələrin həyata keçməsi ilə həm Azərbaycanın, həm də region dövlətlərinin inkişafında və Avropaya inteqrasiyasında yeni mərhələ başlayacaqdır. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismarı Azərbaycan-Yunanıstan münasibətlərini daha da genişləndirəcəkdir. Bu kəmər ölkələrimizin iqtisadi tərəqqisi ilə yanaşı, əlaqələrinə də müsbət təsir göstərəcəkdir.
Azərbaycan regionun bütün dövlətləri ilə sıx əməkdaşlıq edir. Yalnız Ermənistan özünü bu əməkdaşlıqdan təcrid etmişdir. Bu ölkənin hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş, ölkədə bir milyondan çox qaçqın və məcburi köçkün yaranmışdır. Münaqişə ilə bağlı BMT-nin 4 qətnaməsi, ATƏT-in qərarları icra olunmamış qalır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində tezliklə aradan qaldırılmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.
Əziz qonaqlar, məmnunluqla qeyd etmək istəyirəm ki, olimpiya oyunları bu il öz tarixi vətənində - Yunanıstanda keçirilir. Azərbaycanın həm idmançıları, həm də mədəniyyət və incəsənət xadimləri bu möhtəşəm hadisəyə xüsusi hazırlaşırlar.
Hörmətli cənab Prezident!
Azərbaycana rəsmi səfərinizə böyük əhəmiyyət verdiyimi bir daha ifadə edib, sizə möhkəm cansağlığı, ölkənizə isə daim inkişaf və tərəqqi arzulayıram.
Cənab Prezident, bu badəni Sizin şərəfinizə, Azərbaycanla Yunanıstan arasında səmimi dostluq və faydalı əməkdaşlıq əlaqələrinin inkişafı şərəfinə qaldırıram.