Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sədri Bakı Ali Neft Məktəbində olmuşdur
Bakı, 4 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev Bakı Ali Neft Məktəbinin (BANM) professor-müəllim və tələbə heyəti ilə görüş keçirmişdir.
AZƏRTAC xəbər verir ki, görüşdə BANM-nin rektoru Elmar Qasımov çıxış edərək bildirmişdir ki, Gənclər Fondu ilə əməkdaşlığın qurulması ali məktəbin tələbələri üçün olduqca vacib və əhəmiyyətlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən Gənclər siyasətinin əhəmiyyətindən danışan E.Qasımov qeyd etmişdir ki, bu gün Azərbaycanda gənclərin inkişafı və gələcəkdə bir lider kimi yetişməsi üçün bütün lazımi şərait dövlət tərəfindən yaradılmışdır.
Görüşdə çıxış edən Fərhad Hacıyev demişdir ki, Azərbaycanda Avropa standartlarına tam uyğun yaradılmış Bakı Ali Neft Məktəbi dövlətimizin başçısının gənclərə olan yüksək diqqətinin və qayğısının nəticəsidir.
Qonaq Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması və fəaliyyəti haqqında tələbələrə ətraflı məlumat vermişdir.
F.Hacıyev bildirmişdir ki, Gənclər Fondu gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətləri stimullaşdıran, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirən bir qurumdur. Gənclər Fondu bu günə qədər 3 qrant müsabiqəsi həyata keçirmişdir və artıq 4-cü qrant müsabiqəsinə start verilmişdir. Tələbələri bu qrant müsabiqəsində fəal iştirak etməyə çağıran F.Hacıyev müsabiqənin şərtləri və qaydaları haqqında ətraflı məlumat vermişdir.
Gənclər Fondu ilə artıq fəaliyyətə başladıqlarını bildirən BANM Tələbə Senatının sədri Rəvan Adilov bildirmişdir ki, onların təşkilatı ATGTİ -ilə birlikdə həyata keçirmək istədikləri “Gənc Neftçilərin I Bilik Olimpiyadası” layihəsi üçün Gənclər Fondunun həyata keçirdiyi 3-cü qrant müsabiqəsinin qalib layihələrindən olmuşdur və yaxın zamanda bu layihənin icrasına başlanılacaqdır.
Görüşdə tələbələrin sualları cavablandırılmış və fikir mübadiləsi aparılmışdır.