AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar bütün Osetiya-Alaniya xalqı adından və şəxsən öz adımdan Sizə və bütün Azərbaycan xalqına ən səmimi və dərin hüznlə başsağlığı verirəm. Heydər Əlirza oğlu Əliyev Azərbaycanın və keçmiş SSRİ-nin sosial-iqtisadi və mədəni həyatına, həqiqətən, tarixi töhfə vermişdir. Rusiyanın və Azərbaycanın mehriban qonşuluq və qarşılıqlı surətdə faydalı münasibətlərinin yeni tarixi şəraitdə bərpasında onun rolunu, bütün Rusiyada olduğu kimi, Osetiya-Alaniyada da yüksək qiymətləndirirlər. Ən məsul qərarların qəbulu zamanı onun ölçülüb-biçilmiş mövqeyi Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmlənməsinə, Müstəqil Dövlətlər Birliyinin təkmilləşməsinə kömək edirdi.
Azərbaycan xalqının gözəl oğlu Heydər Əlirza oğlu Əliyevin xatirəsi onu tanıyanların və onunla işləyənlərin qəlbində həmişəlik qalacaqdır.
Aleksandr Dzasoxov,
Şimali Osetiya-Alaniya Respublikasının Prezidenti.
Vladiqafqaz, 13 dekabr 2003-cü il.