AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Həmişə nur saçan Atanız, bizim əziz Qardaşımız və dostumuz, Prezident Zati-aliləri Heydər Əliyevin 2003-cü il dekabrın 12-də cümə günü Amerikanın Ohayo ştatının Klivlend şəhərindəki xəstəxanada dünyasını dəyişməsi xəbərini dərin qüssə və əvəzsiz itki hissi ilə aldım. Bizim fikirlərimiz və dualarımız özünü tamamilə xalqına xidmətə həsr etmiş, ölkəsində müstəqillik, sabitlik, sülh və inkişafın əsasını qoyub gücləndirmiş böyük, beynəlxalq səviyyəli dövlət xadiminin qəfil itkisini ağlayan qardaş Azərbaycan xalqı ilədir. Bu böhranlı zamanda Onun Qafqazda sülh yolunu seçməsi, regional və qlobal təhlükəsizliyi möhkəmlətmək işinə sədaqəti bizim xatirələrimizdən silinməz.
Öz adımdan, Nigeriya Federativ Respublikasının hökuməti və xalqı adından mən Azərbaycan Respublikasının xalqına və hökumətinə, xüsusilə də Zati-alinizə və ailənizin üzvlərinə ürək dolu kədər ifadə edirəm. Biz qadir Allaha dua edirik ki, Azərbaycan xalqına, Zati-alinizə və Sizin ailə üzvlərinizə bu ağır itkiyə tab gətirmək üçün güc və mətanət bəxş etsin.
Olusequn Obasanco,
Nigeriya Federativ Respublikasının
Prezidenti
14 dekabr 2003-cü il