RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident,
Bakıda 15-ci Beynəlxalq Xəzər neft və qaz sərgi və konfransının açılışı münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm.
Azərbaycanın enerji sektorundakı liderliyi və strateji uzaqgörənliyi Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz boru kəmərlərinin timsalında Şərq-Qərb enerji dəhlizinin yaranmasını mümkün etmişdir. Azərbaycanın aparıcı beynəlxalq enerji şirkətləri ilə birgə öz karbohidrogen sektorunu inkişaf etdirməsi həm Xəzər regionunun iqtisadi tərəqqisini təmin etdi, həm də qlobal enerji təhlükəsizliyini artırdı.
Azərbaycan dünya bazarlarının neft təchizatının artırılmasına başladığından, Amerika Birləşmiş Ştatları və onun avropalı tərəfdaşları Azərbaycanda həm də qaz hasilatının genişləndiriləcəyinə ümid edir. İnanırıq ki, bu, Azərbaycanın strateji əhəmiyyətini artıracaq və Türkiyə-Yunanıstan-İtaliya və Nabukko qaz boru kəmərlərinin reallaşması ilə Avratlantik Birliyi ilə əlaqələrini dərinləşdirəcəkdir. Azərbaycan Mərkəzi Asiya qazının gələcəkdə Avropa bazarlarına ixracatında da mühüm rol oynaya bilər. Tezliklə Azərbaycandan keçəcək Qazaxıstan neftinin artan həcmini görməyimizə ümid edirik. Çünki hər iki ölkə Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan layihələrində yaranan rentabelli və ekoloji cəhətdən təmiz neft nəqli sisteminin gücləndirilməsi istiqamətində Gürcüstan və Türkiyə ilə birgə çalışır.
Sərgi və konfransın işinə uğurlar arzulayıram.
Səmimiyyətlə,
Corc Buş
Amerika Birləşmiş Ştatlarının Prezidenti