AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident,
İcazə verin, Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Dünya Bankının Azərbaycanda çalışan əməkdaşları adından təbrik edim.
Əminəm ki, Sizin rəhbərliyiniz altında Azərbaycan özünün inkişaf səylərini davam etdirəcək və dərinləşdirəcəkdir. Sizi əmin etmək istərdim ki, Dünya Bankı bu səylərin həyata keçirilməsində Sizinlə və hökumətinizlə sıx əməkdaşlığı davam etdirmək əzmindədir.
İcazə verin, fürsətdən istifadə edərək bildirim ki, mən noyabrda Azərbaycana səfər etməyi planlaşdırıram və bu səfər zamanı qarşıdan gələn illər üçün Dünya Bankının proqramını Sizinlə birlikdə nəzərdən keçirmək imkanından çox məmnun olardım. Biz həmçinin səfərimin yaratdığı imkandan istifadə edərək, Azərbaycanın “Doing Business 2009” hesabatındakı təqdirəlayiq nailiyyətlərini qeyd etmək üçün bir tədbir təşkil etmək istərdik. Məlum olduğu kimi, Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində dünyanın ən fəal islahatçıları sırasında birinci yeri tutmuşdur. Bu, həqiqətən də, böyük nailiyyətdir və əgər vaxt imkan versə, biz bu uğuru Sizinlə birlikdə qeyd etmək istərdik.
Yenidən ölkə rəhbəri seçilməniz münasibətilə bir daha ən səmimi təbriklərimi çatdırır və yaxın gələcəkdə Sizinlə görüşmək imkanına malik olacağıma ümidlərimi ifadə edirəm.
Ən xoş arzularla,
Şigeo Katsu
Dünya Bankının Avropa və Mərkəzi Asiya
regionu üzrə vitse-prezidenti
17 oktyabr 2008-ci il.