AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Cənab Prezident,
Yenidən Prezident seçilməyiniz münasibətilə Fransa adından Sizi ürəkdən təbrik edir və növbəti mandatınız dövründə Sizə səmimi qəlbdən uğurlar arzulayıram.
Əminəm ki, iki ölkə arasında mövcud olan və həmişə ən böyük maraq göstərdiyiniz geniş və intensiv əməkdaşlıq Sizin dəstəyinizlə siyasi, iqtisadi, mədəni və təhsil sahələrində inkişaf etməkdə davam edəcəkdir. 2009-cu ildə olacaq çoxsaylı görüşlər, o cümlədən birgə iqtisadi komissiyanın Bakıda keçiriləcək iclası və eləcə də Sizin Parisə səfəriniz iki ölkə arasındakı əlaqələrin dərinləşməsinə öz töhfəsini verəcəkdir.
Fransa Azərbaycanın köhnə və sədaqətli dostudur, o, Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və ədalətlə həll edilməsinə nail olunması və daha geniş mənada, bütövlükdə Qafqazın sülh və tərəqqi zonasına çevrilməsi üçün Sizin yanınızda olacaq və öz səylərini əsirgəməyəcəkdir.
Fransanın Avropa İttifaqında hazırkı sədrliyi dövründə mən həmişəkindən daha çox əminəm ki, Fransa Avropa qonşuluq siyasəti çərçivəsində Avropa İttifaqı ilə Sizin ölkəniz arasında tərəfdaşlığın dərinləşməsinə fəal kömək edəcəkdir.
Cənab Prezident, Sizə çox yüksək hörmət və ehtiram bəslədiyimə əmin ola bilərsiniz.
Nikola Sarkozi
Fransa Respublikasının Prezidenti
22 oktyabr 2008-ci il.