AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident,
Ötən həftə Azərbaycanda keçirilmiş prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi təbrik edirəm. Seçkilərin nəticəsi Sizin liderliyinizə və gələcəyə baxışınıza olan dərin dəstəyin ifadəsidir.
Azərbaycan üç il ərzində ardıcıl olaraq daxili məhsulun misli görünməmiş artımını yaşamışdır. Sizinlə bundan əvvəl keçirdiyimiz görüşlər zamanı qeyd olunduğu kimi, 30 faiz illik artım böyük imkanlar yaratmaqla yanaşı, həm də özündə potensial risk daşıyır. Mən Azərbaycanın sovet dövründən qurtuluşuna təkan verən, müstəqil, daim inkişafda olan demokratik və yüksələn iqtisadiyyatlı bir dövlətə çevrilməsinə xidmət edən möhtəşəm iqtisadi konsepsiyanı reallaşdırdığınıza görə Sizə öz ehtiramımı bildirirəm.
Mən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, Avropa Şurası Parlament Assambleyasının və Avropa Parlamentinin seçkilərdə mühüm irəliləyişləri və seçki şəraitinin təkmilləşdirilməsini alqışlamasından məmnunluq hissi duyuram. Bu, Sizin ölkənizin tərəqqisini nümayiş etdirən mühüm bir addımdır.
Azərbaycan parlaq gələcəyin astanasındadır. Gələcəkdə üzləşəcəyiniz məsələlərin həlli üçün quruculuq, dözümlülük və güclü demokratik idarəçilik tələb olunacaqdır. Mən ölkənizin müasir, dünyəvi və bazar iqtisadiyyatı yönümlü bir demokratiya kimi inkişaf etmək əzmini alqışlayıram. Regionun lider dövləti olan Azərbaycanın malik olduğu mühüm potensialını gerçəkləşdirmək naminə sıx işbirliyi quracağımızı səbirsizliklə gözləyirəm.
ABŞ və Azərbaycan arasında ciddi ikitərəfli münasibətlərin sarsılmaz təməli Sizin atanızın rəhbərliyi altında qoyulmuşdur. Mən inanıram ki, bizim dostluğumuz Sizin rəhbərliyiniz dövründə də genişlənəcək və inkişaf edəcəkdir.
Avqust ayında Bakıya etdiyim səfər zamanı mənə göstərdiyiniz səmimi qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm. Bizim söhbətimizdən çox məmnun qaldım və Azərbaycanda davam edən irəliləyişi görmək üçün bir daha ölkənizə gəlməyə ümid edirəm.
Hörmətlə,
Riçard Luqar
ABŞ Senatının Xarici əlaqələr komitəsinin üzvü