AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİCƏNAB İLHAM HEYDƏR OĞLU ƏLİYEVƏ
Sizi 31 Dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni ilin gəlişi münasibətilə Milli Məclisin deputatları adından və şəxsən öz adımdan ürəkdən təbrik edir, dövlətimizin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi, xalqımızın firavan günlərə qovuşdurulması naminə həyata keçirdiyiniz möhtəşəm işlərdə Sizə yeni-yeni uğurlar arzulayıram!
Xalqımızın milli-mənəvi bütövlük amalının təcəssümü olan 31 Dekabr gününün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların əziz bayramı kimi qeyd edilməsi ümummilli liderimiz Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideyasının həyata keçməsində mühüm rol oynayır. Sevindirici haldır ki, yeni minilliyin ilk illərində soydaşlarımız milli həmrəyliyin və birliyin əhəmiyyətini daha dərindən dərk edir, dünya azərbaycanlılarının mütəşəkkil qüvvəyə çevrilməsi işinə öz töhfələrini verməyə çalışırlar. Onlar gənc dövlətimizin müstəqil inkişaf yolunda inamla addımlamasından, dünya birliyində mövqelərini getdikcə daha da möhkəmləndirməsindən qürur hissi duyur, Vətənimizin taleyüklü problemlərinin həll ediləcəyi, o cümlədən ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağı, yerindən-yurdundan didərgin düşmüş soydaşlarımızın doğma torpaqlarına qayıdacağı günləri intizarla gözləyirlər.
Möhtərəm cənab Prezident!
2005-ci il sona çatmaq üzrədir. Bu bir il ərzində Azərbaycan iqtisadiyyatı daha da möhkəmlənmiş, ölkəmizin iştirak etdiyi transmilli iqtisadi layihələr müvəffəqiyyətlə həyata keçirilmiş, yeni sənaye obyektləri istifadəyə verilmiş, iş yerləri açılmış, xalqımızın rifah halı daha da yaxşılaşmış, əmək haqları, müavinətlər və pensiyalar artırılmış, elmin, maarifin, mədəniyyətin, ədəbiyyat və incəsənətin tərəqqisi üçün düşünülmüş tədbirlər həyata keçirilmişdir.
Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyəti yaradılması, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi, qanunun aliliyinin təmin olunması, insan hüquqlarının və azadlıqlarının qorunması istiqamətində mühüm addımlar atılmışdır. Bu il noyabrın 6-da azad, ədalətli, şəffaf şəraitdə keçirilmiş parlament seçkiləri ölkəmizin demokratik inkişafının məntiqi nəticəsi olmuşdur. Bu gün üçüncü çağırış Milli Məclis ölkədə həyata keçirilən siyasi, iqtisadi, hüquqi və sosial islahatların qanunvericilik bazasının möhkəmləndirilməsi və təkmilləşdirilməsi üçün var qüvvəsini sərf etməyə hazırdır. Əmin ola bilərsiniz ki, parlament Sizin həyata keçirdiyiniz uzaqgörən daxili və xarici siyasəti fəal surətdə dəstəkləyərək, öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqdır.
Əziz Prezident!
Sizi Dünya azərbaycanlılarının həmrəyliyi günü və 2006-cı ilin gəlişi münasibəti ilə bir daha səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, Azərbaycan xalqının xoşbəxt gələcəyi naminə dəyərli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!
Dərin ehtiram hissi ilə,
Azərbaycan Respublikasının
Milli Məclisi adından
Milli Məclisin sədri Oqtay ƏSƏDOV
(Təbrik Azərbaycan Respublikası Milli Məclisinin 2005-ci il 30 dekabr tarixli iclasında qəbul edilmişdir).