Azərbaycan Sahibkarlar Konfederasiyası bəyanat yayıb
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü ilə bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “Sentyabrın 27-də səhər saatlarından başlayaraq erməni vandalları növbəti təxribata əl ataraq işğalçılıq siyasəti yeritdiklərini bir daha sübut etdilər. Ermənistan silahlı qüvvələrinin bölmələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutdu, hücuma keçməyə cəhd göstərdilər. Düşmənin atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itki və yaralananların da olması Azərbaycan sahibkarlarını dərindən sarsıtdı. Sahibkarlar adından qəhrəman şəhidlərimizə allahdan rəhmət diləyir, onların yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımızın tezliklə sağalmasını arzulayırıq. Əlbəttə ki, ordumuzun adekvat tədbirləri nəticəsində düşmənə lazımi cavab verilir. Bu hadisələrlə bağlı Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısı çıxış edərək bildirdi ki, “Heç kəsə sirr deyil ki, Tovuz hadisələrində olduğu kimi bu dəfə də ilk atəşi, o cümlədən artilleriya atəşini Ermənistan açıbdır və ilk həlak olanlar da məhz Azərbaycan hərbçiləri olmuşdur. Azərbaycan düşmənə layiqli cavabını verir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq”.
Mövcud vəziyyət nəzərə alınaraq, Azərbaycan Respublikasında Hərbi vəziyyət elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Fərman imzalayıb, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tədbirlər həyata keçirilməyə başlanılıb. Azərbaycan sahibkarlarından konfederasiyaya daxil olan müraciətlərdə sahibkarlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, ordumuzun, qəhrəman əsgərlərimizin yanında olduqlarını bəyan etməklə, onlara dəstək olmaq istədiklərini qeyd edirlər. İnanırıq ki, xalqımız, o cümlədən çoxminli sahibkarlar ordusu Azərbaycan Respublikası Prezidentinin Hərbi vəziyyət elan olunması ilə bağlı Fərmanının bütün tələblərinə əməl edərək qələbə üçün bütün imkanları səfərbər edəcəklər. Biz isə Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq, Hərbi vəziyyət dövründə və koronavirus pandemiyasına qarşı çətin mübarizə günlərində, erməni təxribatına qarşı həmrəylik nümayiş etdirərək Prezident İlham Əliyevin verdiyi bütün qərarları bəyənir, onun rəhbərliyi altında yeni-yeni iqtisadi uğurlara nail olacağımıza inanır və bəyan edirik ki, dövlətimizin daha da güclənməsi, rəqabətə davamlı istehsalın genişləndirilməsi və dünya miqyasında nüfuzunun daha da artması üçün bütün gücümüzü səfərbər edərək əlverişli biznes mühitindən yararlanmaqla ölkəmizin daha da çiçəklənməsi, hərbi potensialının gücləndirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması üçün var gücümüzlə çalışacağıq”.