Azərbaycan səfiri Altay Əfəndiyev GUAM-a başçılıq edəcək
Kiyev, 16 may, AZƏRTAC
Mayın 15-də Bratislavada GUAM-ın Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 25-ci iclası keçirilib. Bu barədə AZƏRTAC-a qurumun Kiyevdəki qərargahından məlumat veriblər.
İclasda Azərbaycan tərəfini xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib.
GUAM XİNŞ BMT Baş Məclisinin 69-cu sessiyasında “Birləşmiş Millətlər Təşkilatı ilə Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat - GUAM arasında əməkdaşlıq” haqqında qətnamənin qəbul edilməsi ilə bağlı məmnunluğunu bildirib, GUAM-ın BMT ilə regional və subregional təşkilatlar arasında əməkdaşlığın möhkəmlənməsi haqqında Siyasi Bəyannaməyə töhfəsini vurğulayıb.
Tərəflər GUAM-ın baş katibinin ATƏT-in Daimi Şurasında çıxışını alqışlamış, GUAM-ın məqsəd və vəzifələrinin önə çəkilməsi üçün onun əhəmiyyətini vurğulayıb və belə çıxışlar praktikasını bundan sonra da davam etdirməyi tövsiyə ediblər.
İclasda kompleks sahəvi əməkdaşlıq məsələləri, o cümlədən iqtisadiyyat və ticarət sahəsində, hüquq mühafizə sahəsində məsələlər müzakirə olunub, habelə 2015-1016-cı illər üçün mədəniyyət və turizm üzrə işçi qrupunun əlaqələndiricisi qismində Moldova təsdiq edilib.
GUAM XİNŞ bir sıra təşkilati məsələlər, o cümlədən Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Altay Əfəndiyevin GUAM-ın baş katibi vəzifəsinə təyin olunması barədə qərar qəbul edib.
Müşavirədə GUAM-ın başqa dövlətlər və beynəlxalq təşkilatlar ilə əməkdaşlığı məsələləri də müzakirə edilib.
GUAM XİNŞ növbəti iclasını BMT Baş Məclisinin 70-ci sessiyası çərçivəsində Nyu-Yorkda keçirmək, dəqiq tarixini isə diplomatik kanallarla razılaşdırmaq qərarına gəlib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev