Azərbaycan səfiri Malayziyada müasir çəltik plantasiyasında olub
Kuala Lumpur, 10 iyul, AZƏRTAC
Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev bu ölkənin Aqrar Tədqiqatlar və İnkişaf İnstitutunun (MARDI) dəvəti ilə MARDI-nin Penanq ştatında yerləşən Düyü Araşdırma və Təkmilləşdirmə Mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, görüş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə MARDI arasında kənd təsərrüfatının çəltikçilik və digər sahələri üzrə əməkdaşlığa dair imzalanmış anlaşma memorandumu çərçivəsində təşkil edilib.
Görüş zamanı mərkəzin müasir texniki imkanları ilə bağlı təqdimat keçirilib, MARDI-nin əsas fəaliyyət istiqamətləri, o cümlədən çəltikçiliyin elmi əsaslarla inkişafına dair məlumatlar nəzərə çatdırılıb. Araşdırma mərkəzinin fəaliyyətinə sortların inkişafı, istehsal prosesi, ziyanvericilər və xəstəliklərin idarə olunması, məhsul sonrası idarəetmə, mexanizasiya və avtomatlaşdırma, toxum istehsalı və biomüxtəlifliyin genişləndirilməsi kimi istiqamətlərin daxil olduğu vurğulanıb.
Qeyd edilib ki, indiyədək mərkəz tərəfindən 52 yeni düyü sortu yetişdirilib və dövlət qeydiyyatına alınıb. Bildirilib ki, dövlət tərəfindən subsidiya almaq istəyən fermerlərin yalnız qeydiyyatdan keçmiş sortlardan istifadə etməsi tələb olunur.
MARDI-nin mütəxəssisləri hazırda 689 min 268 hektar çəltik sahəsinə malik olan Malayziyada yüksək məhsuldarlıqlı yeni sortlar və hibridlərdən istifadə edildiyini diqqətə çatdırıblar.
Təqdimat və qarşılıqlı fikir mübadiləsindən sonra səfir Q.Allahverdiyev mərkəzin nümunəvi çəltik plantasiyalarından birinə baxıb, istehsal prosesini izləyib və institutun genbankı ilə tanış olub.
Azərbaycanlı diplomat mərkəzlə tanışlığın onda çox müsbət təəssürat oyatdığını bildirərək ölkəmizin çəltikçilik və kənd təsərrüfatının digər sahələri üzrə Malayziya ilə qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. Səfir, eyni zamanda, iki ölkənin çəltik sahəsi üzrə mütəxəssislərinin iştirakı ilə əməkdaşlıq üçün spesifik sahələrin birlikdə müzakirə edilməsinin vacibliyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin 2018-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” barədə məlumat verən Q.Allahverdiyev bu proqram çərçivəsində həmin sahənin inkişaf etdirilməsi və məhsuldarlığın artırılmasının, həmçinin çəltik istehsalı və emalı sahəsində innovativ texnologiyaların öyrənilməsinin və tətbiq olunmasının əsas məqsədlər kimi müəyyənləşdirildiyini vurğulayıb.
Səfərə görə Azərbaycan diplomatına təşəkkür edən MARDI-nin baş direktoru Mohamad Zabavi iki ölkənin kənd təsərrüfatı qurumları arasında imzalanmış memorandumun gələcək əməkdaşlığa mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, cari ilin iyununda iki ölkənin kənd təsərrüfatı institutları arasında imzalanmış memorandum Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramının icrasından irəli gəlir. Sözügedən dövlət proqramında çəltik bitkisinin ərzaq təhlükəsizliyində xüsusi əhəmiyyəti qeyd olunub və bu sahədə dünyanın mütərəqqi təcrübəyə malik ölkələri ilə əməkdaşlığın inkişafı, kadr potensialının gücləndirilməsi, innovativ texnologiyaların tətbiqi qarşıya məqsəd kimi qoyulub. Azərbaycan və Malayziya arasında imzalanmış anlaşma memorandumu tərəflər arasında birgə araşdırmalar, mütəxəssislərin qarşılıqlı mübadiləsi, qısamüddətli araşdırma proqramları və treninqlər, seminar və elmi konfransların təşkili, avadanlıqlardan müştərək istifadə və digər bu kimi sahələri əhatə edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur