Azərbaycan səfirindən Argentinanın ermənipərəst jurnalistinə faktlara əsaslanan cavab
Bakı, 8 dekabr, AZƏRTAC
Argentinanın “Clarin” qəzetinin beynəlxalq siyasət bölməsinin redaktoru Marselo Kantelminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanla bağlı növbəti qərəzli yazısına Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadənin həmin qəzetdə cavab məqaləsi dərc olunub.
Qeyd edək ki, M.Kantelmi ermənipərəst mövqeyi ilə tanınır və işğal olunmuş ərazilərimizə qeyri-qanuni səfərinə görə Azərbaycan hökuməti tərəfindən arzuolunmaz şəxs elan edilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfir məqalədə bildirir ki, M.Kantelminin bu yazısı qeyri-obyektivdir və Ermənistanın mövqeyini əks etdirir. M. Əhmədzadə yazır: “Dağlıq Qarabağ beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisidir və yeddi ətraf rayonla birlikdə Ermənistan tərəfindən işğal olunub. Bu da ümumilikdə ölkəmizin ərazisinin 20 faizini təşkil edir. İyirmi ildən çoxdur ki, Ermənistan Azərbaycana qarşı hərbi təcavüzünü davam etdirir, beynəlxalq hüquqa və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı sənədlərə məhəl qoymur”.
Diplomat qeyd edir ki, bu ilin oktyabrında Fransa Prezidentinin təşəbbüsü ilə Parisdə prezidentlər səviyyəsində təşkil olunmuş görüşün ardınca böyük sülh sazişinin layihəsi üzərində iş aparmağa başlamaqdansa, Ermənistan işğal olunmuş ərazilərdə genişmiqyaslı hərbi əməliyyatlar keçirdi. Noyabrın 12-də isə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında Ermənistanın Mi-24 tipli iki helikopteri Azərbaycan qoşunlarının mövqelərini atəşə tutub və cavab atəşi ilə helikopterlərdən biri vurulub. “Ermənistana məxsus hərbi helikopterlərin Azərbaycanın hava məkanına qeyri-qanuni soxulması Ermənistanın Azərbaycana təcavüzünün və Azərbaycanın suverenliyinə qarşı zordan istifadə siyasətinin davamıdır. Azərbaycan işğal olunmuş əraziləri üzərindəki hava məkanını uçuşlar üçün bağlı elan edib və müvafiq qaydada Beynəlxalq Mülki Aviasiya Təşkilatının bütün üzvlərini bu barədə məlumatlandırıb.
Yazıda qeyd olunur ki, çoxsaylı mülki vətəndaşların və siyasətçilərin qətli ilə uzun illərdir ki, hakimiyyəti qəsb etmiş və ölkəsini müflislik səviyyəsinə çatdırmış Ermənistanın hərbi diktatura rejimi hazırda müxalifətin geniş etirazlarını yatırmaq üçün diqqəti münaqişə zonasına yönəltməyə çalışır. M.Əhmədzadə yoxsulluq və iqtisadi problemlər səbəbindən hər il daha çox insanın Ermənistanı tərk etdiyini və bu ölkənin belə bir vəziyyətdən qurtuluşunun yalnız Azərbaycanla əməkdaşlıqdan asılı olduğunu vurğulayır. Səfir Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz iqtisadiyyatının 80 faizindən çoxunu təşkil etdiyini, ölkəmizin strateji valyuta ehtiyatlarının onun ümumi daxili məhsulunun 70 faizinə bərabər olduğunu və Azərbaycanın regional inkişafın özəyi olduğunu bildirir.
“Ermənistanın Azərbaycana qarşı təcavüzü regionda sülh və təhlükəsizliyə başlıca təhdiddir. Ermənistan Azərbaycanla sülhə tələsməli və ilk addım kimi öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalıdır”, - deyə diplomat məqaləsini tamamlayır.
Azərbaycan səfirinin məqaləsi yerli erməni icmasının hiddətinə səbəb olub və erməni icmasına məxsus KİV-lərdə M.Əhmədzadənin fikirləri aqressivlik və dözümsüzlük kimi qələmə verilib.