Azərbaycan səfirliyi Platoşkinin müsahibəsi ilə əlaqədar Rusiya XİN-ə etiraz məktubu göndərib
Moskva, 30 dekabr, AZƏRTAC
Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinin Ermənistan üzrə sabiq şöbə müdiri Nikolay Platoşkinin “Баграмян 26” teleqram kanalında yaydığı qərəzli fikirlərlə əlaqədar Rusiyanın xarici siyasət idarəsinə etiraz məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, noyabrın 26-da Moskva Humanitar Universitetinin diplomatiya və beynəlxalq münasibətlər kafedrasının müdiri, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Ermənistan üzrə sabiq şöbə müdiri Nikolay Platoşkinin “Баграмян 26” teleqram kanalında yerləşdirilmiş videomüsahibəsində ölkəmizə qarşı qərəzli bəyanatı ilə əlaqədar səfir Polad Bülbüloğlu sözügedən Universitetin rektoru İqor İlyinskiyə Rusiya Xarici İşlər Nazirliyi vasitəsilə müvafiq etiraz məktubu göndərmişdi.
İqor İlyinskiy səfirliyə ünvanladığı cavab məktubunda sözügedən şəxs barəsində Rusiya İstintaq Komitəsində iyunun 2-də RF Cinayət Məcəlləsinin 212-ci maddəsinin 1.1 bəndi (kütləvi iğtişaşlar) və 207.1 (qəsdən yalan məlumatın ictimaiyyətə yayılması) maddəsi ilə cinayət işi qaldırıldığını bildirib. Rektor qeyd edib ki, məhkəmənin qərarına və istintaq altında olan və ya məhkum olmuş şəxslərin pedaqoji fəaliyyətinə qanunla müəyyən edilmiş qadağaya uyğun olaraq, N.Platoşkinin iş fəaliyyəti həbs edildiyi andan dayandırılıb, Universitetin əməkdaşları və tələbələri onunla heç bir təmasda olmayıb.
Rusiya Federasiyasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinin 3-cü hissəsinə uyğun olaraq, adıçəkilən şəxs 2021-ci il oktyabrın 14-də Moskva Humanitar Universitetinin diplomatiya və beynəlxalq münasibətlər kafedrasının müdiri vəzifəsindən azad edilib və Universitetdən xaric olunub.
İ.İlyinskiy Azərbaycana və xalqına isti münasibət bəslədiyini və rektor işlədiyi 29 il ərzində rəhbərlik etdiyi Universitetdə millətlərarası münasibətlərin hər hansı qızışdırılması hallarına rast gəlinmədiyini məktubunda xüsusi vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva