Azərbaycan taekvondoçusu Fəridə Əzizova: Mən bu yarışda ölkəmə növbəti medalı qazandırmaq istəyirəm
Bakı, 18 iyun, Məmməd İsayev, AZƏRTAC
İlk görüşümü keçirdiyim hollandiyalı idmançını tanımırdım. Bundan əvvəllər mən onun döyüşlərini izləməmişdim və heç vaxt qarşılaşmamışdım. Onunla dayanq üzərində ilk dəfə görüşdüm. İlk görüşüm olduğu üçün bir az həyacanlıydım və ona görə döyüş çətin keçdi. Çünki ilk görüşdə hər bir idmançı üçün çətin olur. Buna baxmayaraq azarkeşlərimizin də mənə dəstəyi sayəsində qalib gəldim.
Bu sözləri AZƏRTAC-a müsahibəsində iyunun 18-də “Baku Crystal Hall”da keçirilən qadınlar arasında keçirilən taekvondo yarışlarında dörddəbir final mərhələsinə yüksələn Fəridə Əzizova (-67kq) deyib.
Avropa çempionatının mükafatçısı F.Əzizova qeyd edib ki, növbəti mərhələdə döyüşəcəyim rəqibim türkiyəli idmançı Nur Tatardır. O, da güclü rəqiblərdən biridir. Burada zəif rəqib və ya asan keçən döyüş yoxdur. Onun da öz nailiyyətləri var. O, son dünya çempionatının gümüş medalçısıdır. Bu idmançı 2012-ci il London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, həmçinin Avropa çempionudur. Rəqibimin güclü olmasına baxmayaraq, qələbə qazanmağa çalışacağam, çünki udulmayan rəqib yoxdur.
Azərbaycan təmsilçisi deyib: "Azarkeşlərimiz fəaldırlar və daima bizi dəstəkləyirlər. Hətta bəzi vaxtlarda yorğun olanda belə dövlətimizin başçısının, azarkeşlərin, xalqımızın dəstəyini görəndə biz idmançılarda deyərdim ki, ikinci nəfəs açılır, ruh yüksəkliyimiz artır və daha da böyük qüvvə ilə rəqibi məğlub etməyə çalışırıq. Ona görə də növbəti döyüşümdə də azarkeşlərin dəstəyini gözləyirəm. Çünki mən bu yarışda ölkəmə növbəti medal qazandırmaq istəyirəm. İnşallah bu medalın əyarı qızıl olacaq".