“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri videoformatda mətbuat konfransı keçirib
Bakı, 25 dekabr, AZƏRTAC
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri, filologiya elmləri doktoru Rövşən Məmmədov videoformatda mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, R.Məmmədov əvvəlcə AzTV-nin 2019-2020-ci illər üzrə hesabatı ilə çıxış edib. O, sosial şəbəkələrdə canlı yayımlanan konfrans zamanı son iki ildə kanalda görülən işlər, edilən dəyişikliklər barədə ətraflı məlumat verib.
Bildirilib ki, AzTV, ilk növbədə, rebrendinq olunub, qrafik göstəricilər yenilənib. Kanalın maddi-texniki bazası gücləndirilib, xüsusən HD yayıma keçidlə bağlı mühüm addımlar atılıb, yeni efir otağı (4k təsviri), şəbəkə sistemi yaradılıb, yeni və müasir tələblərə cavab verən 10-dan çox studiya tikilib.
Onun sözlərinə görə, son iki ildə AzTV-də 50-dən çox yeni veriliş açılıb. Verilişlərdən bəziləri pandemiya vaxtı, bəziləri isə 44 günlük müharibə zamanı fəaliyyətə başlayıb. Verilişlərin mövzuları gündəmə uyğun seçilib, bəzən son məqamda belə mövzu dəyişdirilib, daha aktual mövzu ilə əvəz edilib.
Hesabatda son iki ildə filmlərə xüsusi yer verildiyi vurğulanıb. Qeyd olunub ki, 2019-cu ildə 29 sənədli, 1 bədii televiziya filmi çəkilib. 2020-ci ildə isə 25 sənədli, 1 bədii televiziya filmi istehsal olunub. Bu müddətdə 50-yə yaxın sosial çarx hazırlanıb.
Rövşən Məmmədov kanalın pandemiya zamanı fəaliyyətindən bəhs edib. O, pandemiyanın elan olunduğu ilk günlərdən AzTV-nin əməkdaşlarının koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanadan ilk və eksklüziv reportajlar təqdim etdiyinə diqqət çəkərək deyib: “Pandemiya dövründə insanların evdə qalaraq darıxmaması, eyni zamanda, maariflənməsi üçün bir neçə yeni veriliş açıldı. Onlardan bəziləri gündəlik, bəziləri isə həftəlik verilişlər idi və tamaşaçılarda böyük maraq doğurdu”.
Vətən müharibəsi dövründə kanalın hadisələrə çevik reaksiya verdiyini, bölgələrə dərhal əməkdaşların ezam olunduğunu xüsusi qeyd edən QSC sədri bildirib: “Vətən müharibəsi başlayan ilk gündən televiziyanın bölgələrdə fəaliyyət göstərən əməkdaşları cəbhə xəttindən canlı bağlantılar zamanı ən son məlumatları çatdırdılar. Hətta televiziyanın Bakıda fəaliyyət göstərən əməkdaşlarından bəziləri də qaynar zonalara ezam olundular. Ən son məlumatlar hər saat tamaşaçılara həm xəbərlər proqramlarında, həm də müxtəlif verilişlərdə çatdırıldı”.
O, rəy sorğularına əsasən AzTV-nin 44 günlük müharibə zamanı ən çox baxılan telekanal olduğunu da xatırladıb.
Kanalın sosial şəbəkələrdə də fəal olduğunu və son bir ildə bu sahədə böyük irəliləyişin əldə edildiyini bildirən R.Məmmədov deyib: “YouTube” kanalımız bir ildə 100 min izləyici sayını keçib. Görüntülənmə isə 21 milyon artıb. “Facebook” və “Instagram” isə həm materiallarımızın sosial şəbəkə istifadəçilərinə təqdim olunması, həm də tamaşaçı və izləyicilərimizin rəylərini öyrənə bilmək baxımından yaxşı platformalardır”.