Azərbaycan Texniki Universitetində Xocalı soyqırımının iyirminci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 23 fevral (AZƏRTAC). Fevralın 23-də Azərbaycan Texniki Universitetində (AzTU) Xocalı soyqırımının iyirminci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə universitetin həyətində şəhidlərin xatirəsinə ucaldılmış “Ana” abidəsinin və ümummilli lider Heydər Əliyevin büstünün önünə əklil və gül-çiçək dəstələri düzmüş, Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad etmişlər.
AzTU-nun rektoru, professor Havar Məmmədov Xocalı soyqırımı haqqında danışmışdır. Bildirilmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Xankəndi şəhərində yerləşdirilmiş, keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək köməksiz və dinc əhaliyə amansız divan tutmuşlar. Yeddi min əhalisi olan şəhər yerlə yeksan edilmiş, soyqırımı törədilmişdir.
Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev faciənin iyirminci ildönümünün keçirilməsi haqqında 17 yanvar 2012-ci il tarixli Sərəncam imzalamışdır. Faciənin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondu və fondun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyası çərçivəsində böyük işlər həyata keçirilir.
Tədbirdə universitetin tarix kafedrasının müdiri, dosent Şikar Qasımov ermənilərin azərbaycanlılara qarşı zaman-zaman apardığı soyqırımı siyasəti haqqında məruzə etmişdir. Hadisənin canlı şahidləri faciəni heç zaman unutmayacaqlarını söyləmişlər. Tələbələr Xocalı faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.
Sonda “Xocalı soyqırımı” filmi göstərilmişdir.