Azərbaycan Texniki Universitetinin tələbələri startapa başlamağın yollarını öyrənirlər
Bakı, 1 mart, AZƏRTAC
Martın 1-də Azərbaycan Texniki Universitetinin (AzTU) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təşkilatçılığı, Vergilər Nazirliyinin dəstəyi ilə tələbələr üçün “Startapa necə başlamalı” mövzusunda seminar keçirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, prorektor İsa Xəlilov seminarın mövzusu haqqında iştirakçılara məlumat verərək, son zamanlar ölkəmizdə startap mühitinin formalaşdırılması və inkişafı üçün görülən işlərdən, qanunvericilikdə edilən dəyişikliklərdən danışıb.
İİTKM-in koordinatoru, “Enterprise Azərbaycan” portalının rəhbəri Aytən Məmmədova təqdimatında gənclərə, startapçılara və biznes ideyası olan hər kəsə mərkəz tərəfindən təklif olunan dəstəkdən danışıb. O, “Enterprise Azərbaycan” portalının imkanları haqqında ətraflı məlumat verib.
Vergilər Nazirliyinin nümayəndəsi Hacı Qasımov startapçılar üçün vergi qanunvericiliyində verilən imtiyazlardan bəhs edib. Bildirib ki, hüquqi və fiziki şəxs olan startapçılar 3 il, kiçik və orta biznes (KOB) klasterinə daxil olan şirkətlər isə 7 il müddətinə mənfəət, torpaq, əmlak və əlavə dəyər vergilərindən azad edilirlər.
“Azexport.az” portalının rəhbəri Zaur Qardaşov portalın ölkəmiz üçün əhəmiyyətini nəzərə çatdırıb və tərəfdaş olduqları “Amozonla qazan” layihəsindən söz açıb.
Çıxışlardan sonra qarşılıqlı fikir mübadiləsi aparılıb və tələbələrin sualları qonaqlar tərəfindən cavablandırılıb.