AZƏRBAYCAN TORPAQŞÜNASLAR CƏMİYYƏTİNİN II QURULTAYI KEÇİRİLMİŞDİR
Azərbaycan Milli Elmlər Akademiyasının 60 illik yubileyinə həsr olunmuş qurultaydan əvvəl iştirakçılar Fəxri xiyabana gələrək,
xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Tədbir iştirakçıları görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət etmişlər.
Qurultay nümayəndələri təbiətşünas alim, akademik Həsən Əliyevin məzarı önünə də tər qərənfillər düzmüşlər.
Tədbirdə cəmiyyətin yaradılmasında və inkişafında xidmətləri olmuş görkəmli torpaqşünas alimlərin - akademiklər Həsən Əliyevin, Vladimir Volobuyevin, Cəbrayıl Hüseynovun, AMEA-nın müxbir üzvləri Məmmədəmin Salayevin, Kazım Ələkbərovun və başqalarının xatirəsi yad edilmişdir.
AMEA-nın biologiya elmləri bölməsinin akademik-katibi Musa Musayev qurultayı açaraq, onun əhəmiyyətini nəzərə çarpdırmış, işinə uğurlar arzulamışdır.
ATC–nin sədri, AMEA-nın müxbir üzvü Qərib Məmmədovun və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA–nın müxbir üzvü Məhərrəm Babayevin məruzələri dinlənilmişdir.
Natiqlər qeyd etmişlər ki, ötən qurultaydan keçən dövr ərzində ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə başlanmış torpaq islahatları Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Hazırda islahatların birinci mərhələsinin başa çatdırıldığı və sonrakı mərhələlərdə Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçirilən tədbirlər diqqətə çatdırılmışdır.
Məruzələrdə DTXK-də və AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda aparılan geniş elmi tədqiqat işlərindən və onların istehsalata tətbiqinin uğurlu nəticələrindən bəhs olunmuşdur.
Qurultayda 9 nəfərdən ibarət rəyasət heyətinin, 24 nəfərdən ibarət mərkəzi şuranın üzvləri seçilmişdir.
ATC-nin ali məclisində Qərib Məmmədov yenidən qurumun sədri
seçilmişdir.
Qurultay iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.