Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb
İstanbul 15 iyun, AZƏRTAC
Azərbaycanın Türkiyənin İstanbul şəhərindəki baş konsulu Məsim Hacıyev İstanbul vilayətinin valisi Vasip Şahin ilə görüşüb.
Görüşdə M.Hacıyev son vaxtlar İstanbulda baş verən terror aktlarında həyatını itirənlərə başsağlığı verib, yaralılara Allahdan şəfa diləyib. Ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamını xatırladan baş konsul qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.
M.Hacıyevə yeni vəzifəsində uğurlar arzu edən İstanbul valisi əminliklə bildirib ki, o, səmərəli fəaliyyəti ilə ölkələrimiz arasındakı münasibətlərin inkişafına töhfələr verəcək. V.Şahin diqqətə çatdırıb ki, Türkiyənin dövlət və hökumət başçılarının ilk rəsmi səfərlərini Azərbaycana etmələri ölkələrimiz və xalqlarımız arasındakı qardaşlığın təzahürüdür.
Görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişafına dair fikir mübadiləsi aparılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul