AZƏRBAYCAN VƏ ERMƏNİSTAN YIĞMA FUTZAL KOMANDALARI ARASINDA KEÇİRİLMİŞ OYUNA SÖZARDI
Ermənistan millisi üzərində 9:1 hesabı ilə qələbə qazanmış Azərbaycanın yığma futzal komandası tarixi nailiyyətə imza atdı. Dünya çempionatının qrup seçmə mərhələsi çərçivəsində ilk oyunda qələbə qazanmış millimiz yarışın ən güclü komandalarından biri olduğunu sübut etdi.
“Bohemia” mehmanxanasında məşkunlaşan yığma komandamız istirahətdən sonra “Zimni stadion” İdman Kompleksində ilk məşqini keçirdi. Hələ məşq vaxtı stadionda ciddi nəzarətin olması oyun ərəfəsində təhlükəsizliyin daha güclü qorunacağını göstərirdi. İştirakçılar arasında Azərbaycan və Ermənistan yığmalarının olması təşkilatçıların üzərinə düşən məsuliyyət hissini qat-qat artırırdı. Hər iki milli komandanın nəinki ayrı-ayrı mehmanxanalarda, hətta müxtəlif şəhərlərdə yerləşdirilməsi bunu təsdiqləyirdi. Milli komandamızın Ermənistan futzalçılarından xeyli güclü olmasını kütləvi informasiya vasitələri hələ oyundan əvvəl etiraf edirdi.
Milli komandamıza Çexiyanın paytaxtından 120 kilometr aralıda olan Xrudim şəhərində azarkeş dəstəyini təmin etmək üçün AFFA rəhbərliyi üzərinə düşən vəzifəni lazımi səviyyədə həyata keçirdi. Oyunun başlanmasından təxminən iki ay əvvəl ölkəmizin Çexiyadakı səfirliyi ilə müntəzəm əlaqələr saxlanılmağa başlanıldı. Nəinki burada, o cümlədən qonşu ölkələrdə işləyən və təhsil alan soydaşlarımızla fərdi və qrup formasında əlaqələr quruldu. Hər bir azarkeşə millinin futbol köynəkləri verildi. Məhz bu səbəbdən də Ermənistan futzalçıları ilə oyunun keçirilməsindən təxminən bir saat əvvəl stadionun ətraf ərazilərində “Azərbaycan-Azərbaycan” deyərək haray çəkən həmvətənlərimizin milli komandamıza necə böyük dəstək olduğunu qürur hissi ilə qeyd etmək lazımdır.
Azarkeşlər arasında fərq ilk baxışdan görünürdü. Ermənilərin 20-25, millimizin isə 200-dən artıq azarkeşi vardı. Onların arasında AFFA prezidentinin səlahiyyətlərini icra edən Elşad Nəsirov, Milli Məclisin deputatı Rauf Əliyev, respublikamızın bu ölkədəki səfiri Tahir Tağızadə, baş katib Elxan Məmmədov və başqaları vardı.
Oyun psixoloji cəhətdən gərgin şəraitdə başladı. İlk dəqiqə kəşfiyyat xarakteri daşıdı. Rəqibin gücünə bələd olan komandamız fürsəti əldən vermədi və 1 dəqiqə 40 saniyə ərzində bizlərə ilk qolun sevincini bəxş etdi. Rəcəb Fərəczadənin sərrast zərbəsi qarşısında qapıçı aciz qaldı. Sonrakı bir neçə dəqiqə ərzində futzalçılarımız rəqib qapısı qarşısında dəfələrlə təhlükəli vəziyyət yaratsalar da, istəyinə heç cür nail ola bilmirdilər. Bu məqamdan istifadə edən rəqib hesabı bərabərləşdirmək üçün imkan qazandı. Bundan sonra oyunda gərginlik daha da artdı. Murad Xaybullayevin dəqiq zərbəsi hesabdakı bərabərliyi millimizin xeyrinə dəyişdi. Rəqib daha çox kobud oyunu ilə seçilirdi. Lakin rəqibin futzalçılarımızı və komandamızın azarkeşlərini təxribata çəkmək taktikasını əvvəlcədən bilən Azərbaycan komandası bu cür hallarda hakimin qərarı ilə razılaşaraq millimizi qələbəyə səsləyir və daha çox top vurmağa çalışırdı. Beləliklə, birinci hissə 2:1 hesabı ilə başa çatdı.
İkinci hissədə meydana sanki tamamilə başqa Azərbaycan millisi çıxdı. Futzalçılarımızın baxışından və oyun üslubundan hiss olunurdu ki, rəqibi çətin sınaq gözləyir. Yığma komandamızın heyətində Vitali Borisovun rəqibə göz açmağa imkan verməyən dalbadal iki qolu oyunun axarını tamamilə dəyişdi. Ardınca, Rizvan Fərzəliyevin və Rəcəb Fərəczadənin sərrast zərbələri ermənilərin komandamızın qarşısında aciz qaldığını əyani surətdə bir daha təsdiqlədi. Oyunda elə vəziyyət yaranmışdı ki, top fərqi istənilən həddə çata bilərdi. Lakin rəqib qapıçı ustalığı sayəsində komandasını daha dəhşətli rüsvayçılıqdan xilas etdi. Beləliklə, oyun Rüfət Balakişiyevin vurduğu son iki qol ilə başa çatdı - 9:1. Oyundan əvvəl olduğu kimi, sonra da Çexiyanın Xrudim şəhəri azarkeşlərimizin atəşfəşanlığının canlı şahidinə çevrildi.
######
![]() |
![]() |
![]() |
![]() |



