Azərbaycan və Polşa arasında vəkillik sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 22 iyun, AZƏRTAC
Polşanın paytaxtı Varşava şəhərində Varşava Vəkillər Kollegiyasının təşkilatçılığı ilə “Müasir Vəkillər Kollegiyası: Yeni “LegalTech” çağırışları - Avropada “LegalTech” mövzusunda beynəlxalq konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Vəkillər Kollegiyasından məlumat verilib.
Ölkəmiz bu tədbirdə “Biznes hüququ” və “Elektron Vəkillik” komitələrinin üzvü İlham Hüseynov tərəfindən təmsil edib.
Tədbir çərçivəsində texnoloji inkişaf dövründə vəkilliyin inkişafı, süni intellektin vəkillik fəaliyyətində tətbiqi, vəkil və hüquqşünasların müasir tələblərə uyğunlaşması, hüquq departamentlərinin digital transformasiyası və əlaqəli məsələlər barədə çıxışlar və müzakirələr olub.
Eyni zamanda, İlham Hüseynovla Varşava Vəkillər Kollegiyasının prezidenti xanım Monika Calkievicz arasında görüş keçirilib, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.