Azərbaycan və Uruqvay arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edilmişdir
Bakı, 1 noyabr (AZƏRTAC). Noyabrın 1-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gəlmiş Uruqvay parlamentinin nümayəndə heyəti ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, Z.Əsgərov qonaqlara Forum haqqında məlumat verərək bildirmişdir ki, bu beynəlxalq tədbirin məhz Azərbaycanda keçirilməsi təsadüfi xarakter daşımır. Azərbaycan öz tolerantlığı ilə bir çox dünya ölkələrinə sözün əsl mənasında nümunədir. Ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar mehribanlıq şəraitində yaşayırlar. Onların dini inanclarına dövlət tərəfindən hörmətlə yanaşılır. Azərbaycanda yaşayan etnik azlıqların hüquqları dövlət səviyyəsində qorunur, onların milli adət-ənənələrinin və dillərinin qorunub saxlanılması üçün tədbirlər həyata keçirilir. Bu gün Azərbaycan multikulturalizmin bərqərar olunduğu az saylı dövlətlərdən biridir.
Bildirilmişdir ki, müasir Azərbaycan iqtisadi cəhətdən inkişaf edərək dünyada böyük nüfuz qazanmışdır. Lakin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğal altında saxlanılması ölkəmizin daha yüksək inkişaf tempinə maneə törədir. BMT-nin, Avropa Şurasının, Avropa Parlamentinin Azərbaycanın zəbt olunmuş ərazilərinin azad edilməsi haqqında qətnamələrinə baxmayaraq Ermənistan işğalçılıq siyasətindən əl çəkmək istəmir.
Z.Əsgərov Uruqvay ilə Azərbaycan arasındakı iqtisadi-siyasi əlaqələrin daha yüksək səviyyəyə yüksəldilməsinin hər iki dövlət üçün faydalı olacağına əminliyini bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycan Uruqvay ilə enerji sahəsində əməkdaşlıq əlaqələrini qurmaqda maraqlıdır. Azərbaycan investisiya yatırmaq üçün çox əlverişli bir ölkədir. Hazırda Azərbaycanda Amerika, Avropa və Asiya qitələrindəki ölkələrə məxsus böyük şirkətlər fəaliyyət göstərir.
Uruqvay şirkətlərinin də bu sırada yer almasını arzulayan Milli Məclis sədrinin birinci müavini yaxın gələcəkdə hökumətlərarası komissiyanın yaradılması və Bakıda Uruqvayın səfirliyinin açılması təklifini irəli sürmüşdür.
Uruqvay parlamentinin nümayəndə heyətinin rəhbəri Doren Xavyer İbara səmimi görüşə görə təşəkkürünü bildirərək demişdir ki, səfər müddətində Azərbaycanın həqiqətən də tolerant ölkə olduğunu müşahidə etmişdir. İnsanların qonaqpərvərliyi onda olduqca xoş təəssüratlar yaratmışdır.
Qonaq bildirmişdir ki, Uruqvay Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına tərəfdardır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.