Azərbaycan və Yaponiya arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Tokio, 17 iyun, AZƏRTAC
Azərbaycanın Yaponiyadakı səfəri Gürsel İsmayılzadənin “H.I.S. Co. LTD” şirkətinin prezidenti və baş icraçı direktoru Hideo Savada ilə görüşündə iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, xüsusən də nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə G.İsmayılzadə qarşı tərəfə Azərbaycan iqtisadiyyatı, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan nailiyyətlər, ölkəmizin enerji strategiyası, iqtisadiyyatın digər sahələri, o cümlədən sənaye, kənd təsərrüfatı, turizm, xüsusən də nəqliyyat potensialı, həyata keçirilən irimiqyaslı nəqliyyat layihələri haqqında geniş məlumat verib.
Qeyd edib ki, Azərbaycan və Yaponiya arasında enerji sahəsində yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Hazırda iki ölkə arasında qeyri-enerji sektorunda əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Qarşı tərəfə ölkəmizdə açılan yeni texnologiya və sənaye parkları, Yeni Bakı Limanı, Ələt İqtisadi Zonası, burada yaradılmış əlverişli biznes mühiti və investisiya imkanları barədə ətraflı məlumat verilib.
H.Savada verilən məlumatlara görə minnətdarlığını bildirib və ötən ilin oktyabrında Yaponiyanın “H.I.S Co. Ltd” şirkəti ilə Mie prefekturası arasında strateji əməkdaşlıq barədə müqavilənin imzalanmasını xatırladıb. Mie prefekturasında istehsal edilən bir sıra ərzaq məhsullarının Azərbaycanda emal edilərək dünya bazarına ixrac edilməsi məsələsinin iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinə xidmət etdiyinə əmin olduğunu bildirib.
Həmin məsələyə münasibət bildirən səfir qeyd edib ki, Azərbaycanda Yaponiya istehsalı olan “Maça”dan yeni şirniyyatın hazırlanması, həmçinin Yaponiya istehsalı olan xüsusi çay növlərinin Azərbaycanda qablaşdırılaraq Avropa bazarlarına satışı, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan istifadə edərək Yaponiyada, o cümlədən Mie prefekturasında istehsal edilən digər kənd təsərrüfatı mallarının beynəlxalq bazarlara çıxarılması qeyri-enerji sektorunda əməkdaşlığımızın bariz nümunəsidir.
G.İsmayılzadə ötən ilin noyabrında Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 10-cu iclasının Tokioda hər iki tərəf üçün faydalı şəkildə baş tutduğunu xatırladıb. Bildirib ki, həmin iclas zamanı Bakı Beynəlxalq Dəniz Ticarət Limanını, “Azərbaycan Dəmir Yolları” QSC və Yaponiyanın “HIS Co. Ltd” şirkəti tərəfindən keçirilmiş təqdimatlarda Azərbaycan və Yaponiya arasında nəqliyyat sahəsində əməkdaşlıq imkanları barədə geniş məlumatlar yer alıb. Həmin məsələlərin tədricən həyata keçirilməsinin zəruriliyi vurğulanıb.
Görüşdə, həmçinin iki ölkə arasında turizm sahəsində əməkdaşlığın perspektivləri mövzusunda geniş fikir mübadiləsi aparılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio