AZƏRBAYCAN VƏ YUNANISTAN PREZİDENTLƏRİ DÖVLƏT FİLARMONİYASINDA KONSERTDƏ OLMUŞLAR
Azərbaycan Prezidenti İlham Əliyev və Yunanıstan Prezidenti Konstantinos Stefanopulos konsertdə olmuşlar.
Konsertdən əvvəl dövlət başçıları ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə müasir standartlara uyğun bərpa edilmiş Filarmoniya binasına və onun yay estradasına baxdılar.
Salona toplaşanlar prezidentləri hərarətli alqışlarla qarşıladılar.
Azərbaycanın və Yunanıstanın dövlət himnləri səsləndi.
Respublikamızın məşhur musiqi kollektivi konsertdə Azərbaycanın xalq artisti Rauf Abdullayevin və Yunanıstan dirijoru Yorqos Sanqarisin idarəsi ilə Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”nu, Yorqos Sanqarisin “Prometey”, Qara Qarayevin “İldırımlı yollarla” baletlərindən parçaları, Nikos Skalkotasın “İki rəqs” simfoniyasını məharətlə ifa etdi.
Yunanıstanın məşhur bəstəkarı və dirijoru Yorqos Sanqaris Azərbaycan Dövlət Simfonik Orkestrinin musiqiçilərinə gözəl çıxışlarına görə dərin təşəkkürünü bildirdi, onların məharətini yüksək qiymətləndirdi. O, Azərbaycan və Yunanıstan prezidentləri qarşısında çıxış etməyin böyük şərəf olduğunu vurğuladı və Rauf Abdullayevə üzərində görkəmli yunan dirijoru Mitropolusun şəkli olan xüsusi medalı təqdim etdi.
X X X
Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, xarici ölkələrin Bakıdakı səfirləri, Yunanıstan Prezidentini səfərdə müşayiət edən nümayəndə heyətinin üzvləri konsertdə olmuşlar.