AZƏRBAYCAN VOLEYBOL FEDERASİYASI KİPR KLUBUNUN İTTİHAMLARINI RƏDD EDİR
AZƏRTAC Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti tərəfindən yayılmış məlumata istinadla xəbər verir ki, Avropa Voleybol Federasiyası (CEV) vəziyyəti hərtərəfli öyrənmədən və AVF nümayəndələrinin fikrini nəzərə almadan Çellenc kubokunun ikinci raundunun birinci matçında respublikamızın qadınlardan ibarət “İqtisadçı” klubunun Kiprin AEL klubu ilə görüşünün nəticələrinə əsasən “İqtisadçı”nın texniki məğlubiyyəti barədə qərar çıxarmışdır.
Xatırladaq ki, CEV-in fikrincə, bu qərarın qəbul edilməsinə səbəb bizim komandanın heyətində çıxış etməyə hüququ olmayan iki oyunçunun iştirak etməsi olmuşdur. Bununla əlaqədar Kiprin AEL klubu beynəlxalq federasiyaya protestlə müraciət etmişdir.
Beləliklə, əgər Avropa Voleybol Federasiyası həmin qərarını dəyişməsə, azərbaycanlı voleybolçu qızlar ikinci matçı Azərbaycanın Quba şəhərində keçirilmiş matçda qeydə alınmış 3:0 hesablı qələbə əvəzinə 0:3 (0:25, 0:25, 0:25) hesabı ilə başlamalı olacaqdır.
AVF-nin məlumatında göstərilir ki, protestdə adları çəkilən Nadejda Serebryannikova və İrina Ramazanova Azərbaycan vətəndaşlarıdır və Dövlət İqtisad Universitetində oxuyurlar. Onlar CEV lisenziyalarını “İqtisadçı” komandasının heyətində qazanmışlar. Kipr klubunun protesti üçün əsas isə Rusiya Voleybol Federasiyasının müvafiq məktubunda azərbaycanlı voleybolçu qızların adlarının düzgün göstərilməməsi olmuşdur.
AVF Rusiyadan müvafiq sənədləri alıb CEV rəhbərliyinə göndərmiş və təəssüflə bildirmişdir ki, beynəlxalq federasiya Azərbaycan tərəfinin fikrini dinləmədən bu cür tələsik qərar qəbul etmişdir.
Xatırlatmaq yerinə düşər ki, keçən il azərbaycanlı voleybolçulardan ibarət “Rabitəçi” klubu Kiprdə çıxış edərkən tribunalarda Ermənistan bayraqları dalğalanırdı. Beləliklə, Kipr komandalarının azərbaycanlı rəqiblərinə bu “məhəbbətinin” əsl səbəbi aydın olur.