Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi idi
Tərtər, 28 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi idi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir 28 May - Respublika Günü münasibətilə Tərtərdə keçirilən tədbirdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanda ucalan abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.
Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında davam edən tədbirdə çıxış edənlər 1918-ci il mayın 28-də müsəlman Şərqində yaradılan ilk dünyəvi, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 aylıq fəaliyyəti dövründə qazandığı uğurlardan bəhs ediblər. Bildirilib ki, xalqımız 28 May - Respublika Gününü hər il böyük təntənə ilə qeyd edir. Çünki 1918-ci il mayın 28-də yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan azadlığa çıxıb. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 23 aylıq mövcudluğu dövründə Xalq Cümhuriyyəti xalqımızda istiqlal və suverenlik duyğularını gücləndirdi.
Diqqətə çatdırılıb ki, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra, xüsusən ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Cümhuriyyət dövrünün tədqiqi və təbliği istiqamətində mühüm addımlar atılıb. Azərbaycan Respublikası hazırda Xalq Cümhuriyyətinin demokratik dəyərlərinə sadiq qalaraq sürətlə inkişaf edir və dünya birliyində layiqli yer tutur.
Sonra ulu öndər Heydər Əliyevin adını daşıyan parkda Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin və uşaq-gənclər inkişaf mərkəzinin yetirmələrinin iştirakı ilə konsert proqramı təşkil edilib.