Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101-ci ildönümü münasibətilə Kubada tədbir keçirilib
Vaşinqton, 29 may. AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101-ci ildönümü münasibətilə ölkəmizin Kubadakı səfirliyi tərəfindən Kuba Xalqlar Dostluğu İnstitutunun ictimai mərkəzində bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Kuba Xarici İşlər nazirinin müavini Roxelio Sierra Dias, Kubanın müxtəlif dövlət və hökumət qurumlarının rəsmiləri və Havanada akkreditə edilmiş diplomatik nümayəndəliklərin rəhbərləri və nümayəndələri iştirak ediblər.
Bayram tədbiri Kuba və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Azərbaycanın Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu qısa dövr ərzində qazandığı uğurlardan bəhs edib. Azərbaycanda Xalq Cümhuriyyətinin yaradılmasının xalqımızın dövlətçilik tarixinin ən qürurlu səhifələrindən biri olduğunu bildirib.
Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdiyini vurğulayan Cavanşir Salehov ölkəmizin dünya birliyinin tam və bərabərhüquqlu üzvü olduğu diqqətə çatdırıb. Müasir dövrdə Azərbaycanın əldə etdiyi uğurların, ölkəmizin suverenliyinin qorunub saxlanmasının və gələcəkdə də davamlı inkişafının təmin edilməsinin xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz tarixi fəaliyyəti və fövqəladə xidmətləri sayəsində mümkün olduğu bildirilib.
Vurğulanıb ki, müasir Azərbaycan bütün sahələrdə davamlı inkişafa Ermənistan tərəfindən təcavüzə məruz qaldığı ağır tarixi şəraitdə nail olub. Diplomat Ermənistanın ölkəmizə qarşı davam edən işğalçılıq və etnik təmizləmə siyasətinin nəticələrindən bəhs edib, Azərbaycan torpaqlarının iyirmi faizinin işğal altında saxlandığını vurğulayıb.
Bu gün Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara imza atdığını qeyd edən diplomat bildirib ki, beynəlxalq əlaqələrini möhkəmləndirən ölkəmizin təşəbbüsü ilə qlobal əhəmiyyətli layihələr icra edilir.
Tədbirdə çıxış edən Kuba Xalqlar Dostluğu İnstitutu ictimai mərkəzinin birinci vitse-prezidenti Noemí Rabaza Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə təmsil etdiyi təşkilat adından təbriklərini çatdırıb.
Noemi Rabaza, həmçinin Kubaya qarşı tətbiq edilən iqtisadi, ticarət və maliyyə blokadasının aradan qaldırılması istiqamətində BMT çərçivəsində Azərbaycan tərəfindən daim birmənalı şəkildə göstərilmiş mühüm dəstəyin Kuba hökuməti tərəfindən hər zaman yüksək dəyərləndirildiyini diqqətə çatdırıb.
Kuba hökumətinin rəsmisi, həmçinin ölkələrimiz arasında dostluq əlaqələrinin gələcəkdə daha da möhkəmlənəcəyinə və ikitərəfli münasibətlərin davamlı şəkildə inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Daha sonra bayram tədbiri Havana Musiqi Məktəbinin gənc skripkaçılarının çıxışları ilə davam edib. Tədbir zamanı Azərbaycan bəstəkarlarının klassik əsərləri və xalq mahnıları səsləndirilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton