AZƏRBAYCAN XALQI İŞĞAL OLUNMUŞ TORPAQLARINI AZAD ETMƏYƏ QƏTİYYƏTLİDİR
Səfir Steynar Gil qəbula görə təşəkkürünü bildirərək, yeni hərbi attaşeni təqdim etmək üçün gəldiklərini söyləmişdir.
Hərbi attaşe, polkovnik Olav Nordbön Norveç-Azərbaycan hərbi əməkdaşlığının yaradılmasında fəal iştirak edəcəyini bildirmişdir.
General-polkovnik Səfər Əbiyev qonaqlara Ermənistan-Azərbaycan münaqişəsinin yaranma tarixindən məlumat verərək vurğulamışdır ki, Ermənistan havadarlarının köməyi ilə Azərbaycanı müharibəyə cəlb etmiş, onun torpaqlarını işğal edərək bir milyondan çox vətəndaşını qaçqın və məcburi köçkün vəziyyətinə salmışdır. Bu gün Ermənistan Respublikası adlanan ərazidə tarixən Azərbaycanın İrəvan xanlığı yerləşmişdir. Dağlıq Qarabağda da ermənilər yaşamamışdır. 1828-ci ildə Çar Rusiyası tərəfindən İrandan, Türkiyədən və digər ölkələrdən bu ərazilərə ermənilər köçürülmüş, azərbaycanlılar zaman-zaman öz doğma yurd-yuvalarından zorla deportasiya edilmişlər. Hətta 1978-ci ildə ermənilər Dağlıq Qarabağda buraya köçürülmələrinin 150 illiyini qeyd edərək, bu münasibətlə abidə də ucaltmışlar. Bu gün onlar həyasızcasına bəyan edirlər ki, bu torpaqlar tarixən ermənilərə məxsus olmuşdur. Onlar əsrlər boyu bizim tariximizi saxtalaşdırmış, mədəniyyətimizi və incəsənətimizi mənimsəmişlər. Hətta bu gün də Dağlıq Qarabağda Azərbaycan musiqisini dinləyirlər.
Ölkəmizin Silahlı Qüvvələrindən danışan müdafiə naziri bildirmişdir ki, Azərbaycan xalqı torpaqlarını müdafiə edə-edə öz ordusunu yaratmışdır. Bu, çox çətin olsa da, indi biz kənardan müdaxilə olmadan Silahlı Qüvvələrimizi kadlarla, hərbi texnika və əmlakla təmin edirik. Bəyan edirəm ki, Ermənistan-Azərbaycan cəbhəsində döyüş əməliyyatları yenidən başlasa, məsuliyyət dünya ictimaiyyətinin və erməni işğalçılarını dəstəkləyənlərin üzərinə düşəcəkdir. Çünki bəzi dövlətlər və siyasətçilər bu məsələyə ikili standartla yanaşır, Ermənistan açıq-aşkar işğalçı dövlət olduğu halda, bunu demir, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarını tapdalayılar.
Azərbaycan xalqının işğal olunmuş torpaqlarını azad etmək, qaçqınları və məcburi köçkünləri öz evlərinə qaytarmaq qətiyyətini qonaqların diqqətinə çatdıran nazir Səfər Əbiyev vurğulamışdır ki, respublikamız müstəqil olduğu 13 il ərzində bir çox dövlətlərlə, o cümlədən Norveçlə ikitərəfli əməkdaşlıq edir. Biz şadıq ki, sizin dövlətiniz hərbi attaşesi ilə öz Silahlı Qüvvələrini Azərbaycanda təmsil edəcəkdir. Arzulayıram ki, yeni hərbi attaşe Azərbaycan Silahlı Qüvvələrini yaxşı öyrənsin və Azərbaycan-Norveç hərbi əməkdaşlığının yaradılmasında yaxından iştirak etsin.