AZƏRBAYCAN XALQINA HƏSR EDİLİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 23-də “Hyatt Regency” hotelində Georgi Zapletinin və Gülnarə Şirinzadənin “Ruslar Azərbaycan tarixində” kitabının təqdimat mərasimi olmuşdur. Kitabın titul vərəqində bu sözlər yazılmışdır: “Dərin hörmət və minnətdarlıqla Azərbaycan xalqına ithaf edilir”.
Nəşrə müqəddimədə qeyd edilir ki, bu kitabda rusların Azərbaycanda məskunlaşması və yaşamasının təqribən 200 illik tarixindən bəhs edilir, həmin insanların ölkə iqtisadiyyatının, elmin və mədəniyyətin inkişafında, dövlət quruculuğunda və cəmiyyətin ictimai-siyasi həyatında iştirakı konkret nümunələrlə diqqətə çatdırılır.
Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin təqdimat mərasimindəki çıxışında qeyd etdi ki, bu kitab Cənubi Qafqazda ən iri rus diasporu olan Azərbaycan Rus İcmasının yaradılmasının 15 illiyinə həsr edilmişdir. Sovet İttifaqı dağılandan sonra bu icma Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda fəal mübarizəyə qoşulmaqla bərabər, insanların yeni şəraitə uyğunlaşmasına kömək etməyə, onların hüquqlarını müdafiə etməyə, rus dilini və rus mədəniyyətini qoruyub saxlamağa çalışmışdır.
Kitab Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ilin iyun ayında Rusiya Dövlət Dumasının Bakıya gəlmiş nümayəndə heyətinin şərəfinə qəbulda söylədiyi nitqlə açılır.
AMEA-nın vitse-prezidenti, akademik Akif Əlizadə, xalq yazıçısı Çingiz Abdullayev, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müşaviri Oleq Kroxin, Bakı və Xəzəryanı bölgənin yepiskopu Aleksandr ata və digər natiqlər Rusiya Federasiyası ilə əlaqələrin, xalqımızın Rusiya və rus xalqı ilə dostluq və əməkdaşlıq sayəsində əldə etdiyi bütün yaxşı cəhətlərin qorunub saxlanmasının və möhkəmlənməsinin zəruriliyini qeyd etdilər.
Təqdimat mərasimində Milli Məclisin deputatları, Moskva hökumətinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Anatoli Sorokin, Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələri, elm və mədəniyyət xadimləri, ölkə ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.