Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayət bəşər tarixinin qara səhifəsi olaraq qalacaq
Xırdalan, 20 yanvar, AZƏRTAC
Abşeronlular da öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvarda onların əziz xatirəsini dərin ehtiramla anırlar.
Faciənin 27-ci ildönümü ilə bağlı Xırdalan səhərində şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin qarşısında keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, 20 Yanvar şəhidlərinin ailə üzvləri, faciədə əlil olmuş şəxslər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər diqqətə çatdırıblar ki, keçmiş SSRİ-nin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət bəşər tarixində qara səhifə olaraq qalacaq. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bir daha nümayiş etdirdi.
Sonra rayon mədəniyyət şöbəsinin əməkdaşları tərəfindən səhnələşdirilmiş kompozisiya təqdim olunub.