“Azərbaycan Xalqının Soyqırımı Qurbanları” fotosərgisi təşkil edilmişdir
Bakı, 24 fevral (AZƏRTAC). Fevralın 24-də Nərimanov rayonundakı Milli Qəhrəman Samir Xasıyev adına parkda “Azərbaycan Xalqının Soyqırımı Qurbanları” fotosərgisi təşkil edilmişdir.
AZƏRTAC xəbər verir ki, fotosərgi Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi (ARMQTİB) tərəfindən təsis edilmiş “Azərbaycan Xalqının Soyqırımı Qurbanları Muzeyi” layihəsinə əsasən keçirilir.
Sərginin açılışında çıxış edən ARMQTİB-in sədri Elşən Uluxanlı bildirmişdir ki, fotosərginin məqsədi tarix boyu ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşilikləri xalqın yaddaşına həkk etmək, tariximizi gələcək nəsillərə öyrətmək, bu misli görünməmiş soyqırımılarını dünya ictimaiyyətinə çatdırmaqdır. Sərgidə 1905-1992-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımını əks etdirən fotoşəkillər yer alır.
YAP Nərimanov rayon təşkilatının nümayəndəsi Nizami Babaşov sərginin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, ermənilərin törətdikləri bu dəhşətli faciələri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq hər birimizin borcudur.
Fotosərgidə nümayiş etdirilən şəkillərdə ermənilərin tarix boyu soydaşlarımıza qarşı törətdikləri kütləvi qırğınlar, soyqırımı hadisələri əksini tapmışdır.
İki gün davam edəcək sərgiyə gələnlər burada qoyulmuş xatirə kitabına ürək sözlərini də yazırlar.