AZƏRBAYCAN XALQLARININ HƏMRƏYLİYİ RESPUBLİKA CƏMİYYƏTİNİN 15 YAŞI TAMAM OLDU
AZƏRTAC xəbər verir ki, “Sodrujestvo” qeyri-hökumət təşkilatının 15 yaşı tamam oldu. 1990-cı ilin Qanlı Yanvar faciəsindən dərhal sonra yaradılan cəmiyyətin fəaliyyəti ümummilli liderimiz Heydər Əliyev tərəfindən qiymətləndirilmiş və dəstəklənmişdir.
Təntənəli gecəni cəmiyyətin sədri Tatyana Kərimova açaraq, onun yaranması tarixindən danışmış, Rusiyanın Azərbaycandakı birinci səfiri Valter Şoniyanın təbrik məktubunu oxumuş, milli siyasət məsələləri üzrə dövlət müşaviri Hidayət Orucovun təbrikini çatdırmışdır.
Sonra Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov, ölkənin baş psixiatrı, professor Ağabəy Sultanov, Yazıçılar Birliyi idarə heyətinin katibi Çingiz Abdullayev, Rusiya və İsrailin ölkəmizdəki səfirliklərinin nümayəndələri, Bakı və Xəzəryanı bölgənin yepiskopu Aleksandr ata, Azərbaycan rus icmasının sədri Mixail Zabelin və digər qonaqlar çıxış etmişlər.
Natiqlər “Sodrujestvo”nun Azərbaycanda siyasi hərc-mərclik dövründə gördüyü işlərin əhəmiyyətini vurğulayaraq bildirmişlər ki, cəmiyyət ötən əsrin 90-cı illərinin əvvəllərində dünya birliyinin diqqətini ölkəmizdə baş verən proseslərə cəlb etmək üçün var qüvvəsini əsirgəməmişdir.
Təntənəli tədbir 160 nömrəli məktəbin şagirdlərinin, bardların, şairlərin çıxışları ilə müşayiət olunmuşdur.