“AZƏRBAYCAN XƏZƏR REGİONUNDA BRÜSSELİN ROLUNU OYNAYIR”
Polşadakı Azərbaycan informasiya mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Polşa Respublikası Prezidentinin müşaviri Stanislav Tyosek, Polşa-Azərbaycan Ticarət Palatasının prezidenti Vitold Peçux, UNİDO direktorunun müavini Kşiştov Venqjetski, Özbəkistanın və Qazaxıstanın Polşadakı diplomatik missiyalarının nümayəndələri, habelə Polşanın iri ticarət şirkətlərinin başçıları iştirak etmişlər.
Konfransın əsas mövzusu Polşa ilə bu üç ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi olmuşdur. Polşa-Azərbaycan Ticarət Palatasının prezidenti Vitold Peçux çıxışında Azərbaycandakı çağdaş vəziyyət və Polşa-Azərbaycan əməkdaşlığının inkişaf perspektivləri barədə ətraflı danışaraq, ölkəmizlə ticarət əlaqələrinin inkişaf etdirilməsinin və Polşa sərmayəçilərinin Azərbaycana cəlb olunmasının vacibliyindən söhbət açmışdır. Vurğulanmışdır ki, “Azərbaycan Xəzər regionunda müasir Avropanın həyatında böyük əhəmiyyəti olan Brüsselin rolunu oynayır”.
Tədbir iştirakçılarına Azərbaycan haqqında paylanmış materiallarda ölkəmizin coğrafi mövqeyi, iqlimi, faydalı qazıntıları və enerji mənbələri, vergi sisteminin və ticarət fəaliyyətinin xüsusiyyətləri, xarici kapitalın iştirakı ilə yaradılmış şirkətlər, habelə Bakıdakı Polşa nümayəndəlikləri, Azərbaycandakı mümkün tərəfdaşlar barədə informasiya verilir.