“Azərbaycana gedən yol” proqramı “TEFİ region–2014” televiziya müsabiqəsinin qalibi olub
Azərbaycanın Yekaterinburq şəhərindəki Baş konsulluğunun dəstəyi ilə yaradılan “Azərbaycana gedən yol” telelayihəsi “TEFİ region-2014” televiziya müsabiqəsinin münsiflər heyətinin “Ənənələrə sədaqətə görə” xüsusi mükafatına layiq görülüb.
Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov AZƏRTAC-a müsahibəsində qeyd edib ki, bu il “TEFİ region” mükafatına Rusiyanın 81 şəhərinin 137 teleşirkətindən 490 layihə təqdim olunub. “Maarifləndirici və əyləncəli teleyayım” nominasiyasında iştirak edən “Azərbaycana gedən yol” proqramı bütün Rusiyadan 123 teleşirkətin 307 layihəsi arasında qalib olub.
S.Qasımov vurğulayıb ki, “Azərbaycana gedən yol” ölkəmizin hüdudlarından kənarda Azərbaycan haqqında müntəzəm yayımlanan yeganə verilişdir. Hər həftə Sverdlovsk televiziyasının OTV teleşirkətinin efirində “Azərbaycana gedən yol” proqramı yarım saat ərzində tamaşaçılara Azərbaycanda baş verən mədəni, ticarət-iqtisadi, elmi-texniki, sosial hadisələr barədə məlumat verir, Rusiya ərazisində yaşayan tanınmış azərbaycanlılardan söz açır. Verilişin müəllifləri ölkəmizin tarixi və mədəniyyəti haqqında reportajlar hazırlayır, eyni zamanda Azərbaycanı turizm istiqaməti kimi təbliğ edir, milli mədəniyyətindən, musiqisindən, mətbəx və memarlığından söz açır, müasir həyatını və Bakının tarixini işıqlandırır. Telelayihə Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə və onun hüdudlarından kənarda irimiqyaslı fəaliyyətindən, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən və irimiqyaslı humanitar tədbirlərdən söz açan rəsmi xronika bloku təqdim edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başçılıq etdiyi qurumun RF nümayəndəliyinin fəaliyyətinə xüsusi yer ayrılır.
Baş konsul “Azərbaycana gedən yol” proqramının yaradılmasına göstərdiyi dəstəyə görə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluya təşəkkür edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva