Azərbaycanda akkreditə olunan hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri üçün brifinq keçirilib
Bakı, 8 aprel, AZƏRTAC
Aprelin 8-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xarici dövlətlərin Azərbaycan Respublikasındakı səfirlikləri nəzdində fəaliyyət göstərən hərbi attaşeləri, Hərbi Attaşelik aparatlarının, eləcə də beynəlxalq təşkilatların (BMT, Avropa İttifaqı və Beynəlxalq Qızıl Xaç Komitəsi) nümayəndələri üçün “Aprelin 1-dən 7-dək qoşunların təmas xəttində yerləşən Azərbaycanın yaşayış məntəqələrinə və vətəndaşlarına qarşı erməni bölmələrinin təxribat fəaliyyətləri”nə dair brifinq keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, brifinqdə Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycanın yaşayış məntəqələrini ağır silahlardan aramsız atəşə tutması nəticəsində yerli infrastruktura dəymiş böyük ziyan, eləcə də mülki əhali arasında ölən və yaralananlar barədə faktlar əsasında hazırlanmış məlumatlar diqqətə çatdırılıb.
Eyni zamanda, xarici ölkələrin nümayəndələrinə Ermənistanın Azərbaycana qarşı apardığı informasiya müharibəsi çərçivəsində hərbi qulluqçularımızın erməni əhaliyə qarşı guya aqressiv hərəkətləri barədə düşmən tərəfin yaydığı dezinformasiya xarakterli materialların saxtalığını sübut edən dəlillər, son hadisələrlə əlaqədar reallığı əks etdirən materiallar təqdim olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb.