ELM VƏ TƏHSİL
Azərbaycanda elektron universitetin fəaliyyət konsepsiyası işlənilir
Bakı, 28 aprel, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarı “Azərbaycanda elektron universitetin fəaliyyət konsepsiyasının model və metodlarının işlənməsi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsinə həsr olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Dissertant Hüseyn Qasımov qeyd edib ki, təhsil sistemində qlobal dəyişikliklər və ilk növbədə, klassik universitetin elektron universitetə keçirilməsinin vacibliyi və s. dissertasiya işinin aktuallığını şərtləndirən amillərdir. Virtual təhsil mühitində e-universitetin fəaliyyət konsepsiyasının, model və metodlarının işlənməsi işin əsas məqsədidir.
Müdafiəyə çıxarılan əsas müddəalar haqqında məlumat verən məruzəçi diqqətə çatdırıb ki, buraya Azərbaycan təhsil mühiti üçün e-universitetin konseptual modeli, e-universitetdə intellektual idarə olunmanı tələb edən arxitektur komponentlər, abituriyentlərə dəstək sistemi və s. aiddir.
Dissertasiya işinin elmi yeniliklərindən danışan H.Qasımov bildirib ki, qloballaşma şəraitində mövcud e-universitet modelləri araşdırılıb və Azərbaycan təhsil mühitinə uyğun konseptual modeli təklif edilib. İddiaçının sözlərinə görə, dissertasiya işində əldə olunmuş nəzəri və praktiki nəticələr əsasında Naxçıvan Dövlət Universitetinin tələbələrinin bilik səviyyələri elektron qaydada yoxlanılıb, onların qrup üzrə reytinqləri müəyyən edilib.
Sonda suallar cavablandırılıb.