AZƏRBAYCANDA İLK DƏFƏ AVARÇƏKMƏ ÜZRƏ “PREZİDENT KUBOKU” UĞRUNDA YARIŞ TƏŞKİL EDİLƏCƏKDİR
Azərbaycan Milli Avarçəkmə Federasiyasından (AMAF) AZƏRTAC-a bildirmişlər ki, qurum martın 26-da Mingəçevirdəki “Kür” Təlim-Tədris Mərkəzində start götürəcək “Prezident kuboku” reqatası ilə əlaqədar toplantı keçirilmişdir.
AMAF-ın prezidenti Elçin Zeynalov bildirmişdir ki, ilk dəfə keçiriləcək yarışda avarçəkmə üzrə 18 və 23 yaşadək idmançılardan təşkil olunan yığma komandalar mübarizə aparacaqlar. Akademik avarçəkmə, baydarka və kanoe növlərində təşkil olunacaq “Prezident kuboku” reqatasında Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, Gürcüstan və İran yığmaları da iştirak edəcəklər. Artıq Rusiyanın akademik avarçəkmə üzrə yeniyetmə qız və oğlanlardan ibarət komandaları, habelə böyüklərdən ibarət ikinci millisi Mingəçevirdə təlim-məşq toplanışındadır.
Bildirilmişdir ki, “Prezident kuboku” reqatasını ənənəvi olaraq keçirmək, gələcəkdə bu turniri Beynəlxalq Avarçəkmə Federasiyası və Beynəlxalq Kanoe Federasiyasının (İCF) rəsmi təqvim-planına salmaq istiqamətində iş aparılacaqdır.
Turnirin ilk iki günü ərzində akademik avarçəkənlər mübarizə aparacaq, sonrakı günlərdə isə baydarka və kanoeçilər qüvvələrini sınayacaqlar.
Qaliblərə kuboklar, diplomlar və qiymətli hədiyyələr təqdim ediləcəkdir.