Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində ciddi addımlar atılır
Bakı, 11 mart, AZƏRTAC
Martın 11-də Milli Məclis sədrinin müavini Bahar Muradova ATƏT-in insan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsi və əlaqələndiricisi səfir Mədinə Yarbuzinovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə insan alverinə qarşı mübarizə, insan alveri qurbanlarının hüquqlarının qorunması, sosial müdafiəsi, bu sahədə qanunvericilik və digər qarşılıqlı maraq doğuran məsələlər, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Bahar Muradova deyib: “Azərbaycan ilə ATƏT arasında münasibətlərin səviyyəsi bizi qane edir və əməkdaşlığın müxtəlif istiqamətlərinin daha da inkişaf etdirilməsində maraqlıyıq. Əlaqələrimiz Azərbaycanın qarşısına qoyduğu hədəflərə və ATƏT-in müəyyən etdiyi dəyərlərin yerinə yetirilməsinə tam uyğundur. Xüsusilə ATƏT-in insan ölçüsü sahəsindəki məsələlər Azərbaycan üçün ciddi prioritet istiqamətlərdir. Biz əməkdaşlığımızda bu ölçü üzrə öhdəliklərimizə daim sadiq qalmışıq və qalmaqda davam edəcəyik”.
Milli Məclis sədrinin müavini bildirib ki, Azərbaycanda insan alverinə qarşı mübarizə və insan alveri qurbanları ilə işlər yüksək səviyyədə qurulub və bu sahədə çox ciddi qanunvericilik bazası var. Müvafiq icra mexanizmi ciddi fəaliyyətdədir. Artıq Azərbaycanda ötən ilin avqust ayından bu sahədə üçüncü dövlət proqramının həyata keçirilməsinə başlanılıb. Bu proqramda nəzərdə tutulan məsələlərin ilk bəndi kimi qanunvericilik aktlarının təkmilləşdirilməsi dayanır. Qarşıdakı illərdə bundan irəli gələn sənədlərin qəbulu həyata keçiriləcək. Bu proqram insan alverinin qarşısının alınması, qurbanların reabilitasiyası, reinteqrasiyası, onların sosial müdafiəsi və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və digər məsələləri özündə əks etdirir.
ATƏT-in insan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsi və əlaqələndiricisi Mədinə Yarbuzinova insan alverinə qarşı mübarizədən, bu sahə ilə bağlı qanunvericilikdən, əməkdaşlıq əlaqələrindən danışıb. Bildirilib ki, belə görüşlər əməkdaşlığın inkişaf etdirilməsinə töhfəsini verəcək. “Biz müşahidə etmişik ki, ATƏT-in tövsiyələri üzrə ölkənizdə xeyli işlər görülüb”, - deyə o əlavə edib. Azərbaycan parlamentində bu sahədə görülən işlərin önəmini qeyd edən Mədinə Yarbuzinova bununla bağlı dinləmələrin keçirildiyini, qanunvericiliyin təkmilləşdirildiyini təqdirəlayiq hesab edib.
Görüşdə çıxış edən Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda insan alverinə qarşı mübarizə, bu sahədə əldə edilən uğurlar, həyata keçirilən tədbirlər, müvafiq qanunvericilik barədə danışıblar. Bildirilib ki, artıq 15 ildən çoxdur Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində çox ciddi addımlar atılır. İnsan alverinə qarşı mübarizə sahəsində Azərbaycan parlamenti kifayət qədər önəmli qanunlar qəbul edib və onlar uğurla həyata keçirilir.