AZƏRBAYCANDA MOTORLU SÜRƏTLİ QAYIQLAR İDMANI ÜZRƏ BEYNƏLXALQ YARIŞ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, bu sözləri motorlu sürətli qayıqların Ümumdünya federasiyasının Azərbaycan üzrə təmsilçisi və “Azerbaijan İnternational Marine Klub”un təsisçisi Mehriban Əliyeva noyabrın 14-də “Trend” İnformasiya Agentliyində keçirdiyi mətbuat konfransında demişdir.
M.Əliyeva mərkəzi ofisi Fransada yerləşən federasiya haqqında geniş məlumat vermiş və bildirmişdir ki, hazırda dünyanın 52 ölkəsi bu təşkilatın üzvüdür. Azərbaycan bu quruma 2006-cı ildən qoşulmuşdur. MDB məkanında bu federasiyada yalnız Rusiya və Azərbaycan təmsil olunur.
Onun sözlərinə görə, bu idman növünün Azərbaycanda inkişafı üçün son illər ərzində ciddi işlər görülmüş, Gənclər və İdman Nazirliyi ilə danışıqlar aparılmış və müəyyən razılıqlar əldə edilmişdir. Münasib iqlim və digər şərtlərin mövcudluğu bu idman növünün Azərbaycanda tez bir zamanda geniş yayılmasına kömək edər. Bunu ölkəmizdə səfərdə olmuş Ümumdünya Federasiyasının mütəxəssisləri də təsdiqləmişlər. Onlar Azərbaycanda beynəlxalq yarışın keçirilməsi üçün Xəzər dənizinin imkanlarını təhlil etmişlər və bunula bağlı yüksək rəy vermişlər.
M.Əliyeva bildirmişdir ki, bütün bunlar deməyə əsas verir ki, yaxın vaxtlarda biz istəyimizə nail olacağıq. Bu idman növü üzrə yarışın Xəzər dənizində keçirilməsində əsas məqsəd ölkəmizi dünyada daha da tanıtmaq və idmanın bu növünün gənclər tərəfindən sevilməsinə nail olmaqdır.