“AZƏRBAYCANDA QADIN HÜQUQLARI” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
QPDK-dan AZƏRTAC-a bildirmişlər ki, komitənin sədri Zəhra Quliyeva çıxış edərək respublikamızda dövlət qadın siyasətinin həyata keçirilməsi ilə bağlı görülən tədbirlər barədə məlumat vermişdir. Natiq qeyd etmişdir ki, Azərbaycan 1995-ci ildə “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” və qadın hüquqları ilə bağlı digər beynəlxalq Konvensiyalara qoşulmaqla üzərinə bir çox öhdəliklər götürüb və onların yerinə yetirilməsi istiqamətində görülən işlər davam etdirilir. 2000-ci ildə Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi və həmin il “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Prezident Fərmanının imzalanması gələcəkdə inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm rol oynamışdır.
Komitənin sədr müavini Möminat Ömərova ”Azərbaycanın beynəlxalq təşkilatlarda öhdəlikləri”, Milli Məclisin deputatı Məlahət Həsənova “Milli qanunvericilik üzrə beynəlxalq hüquq normaları” mövzularında məruzələr etmişlər.
Yığıncaqda Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli, İnsan hüquqları daimi komissiyasının sədr müavini Rəbiyyət Aslanova və digər çıxış edənlər beynəlxalq sənədlərdə qarşıya qoyulan məsələlərin qanunlarımızda öz əksini necə tapması ilə bağlı məlumat vermişlər.