AZƏRBAYCANDA QADINLAR STATİSTİKASI
Hazırda ölkədə nəsilvermə (fertil) qabiliyyətinə malik olan 15-49 yaşda qadınların xüsusi çəkisi 57 faizdir və onların hər birinə orta hesabla 2 doğulmuş uşaq düşür. Keçən il ölkəmizdə doğulmuş 113,5 min körpənin 46 faizini qızlar təşkil etmişdir.
Qadınlar ölkə iqtisadiyyatının, demək olar ki, bütün sahələrində çalışırlar və onların məğul əhali arasında xüsusi çəkisi 48 faizdir. Bununla belə, gündüz ümumtəhsil məktəblərində müəllimlərin 70 faizi, orta ixtisas məktəblərində 69 faizi, ali məktəblərdə 47 faizi, həkimlərin isə 61 faizi qadınlardır.
Qadnıalrın təhsil səviyyəsi ildən ilə artır. 15 yaşından yuxarı olan hər 1000 qadından 743-ü ali və tam orta təhsilə malikdir.
Ümumtəhsil məktəbləri şagirdlərinin təxminən yarısı, orta ixtisas məktəbləri tələbələrinin 70 faizi, ali məktəblərdə təhsil alanların isə 46 faizi qızlardan ibarətdir.
Ölkəmizdə elmin inkişafında da qadınların böyük rolu vardır. Bütün elmi işçilərin 48 faizini qadınlar təşkil edir. Elmi-texniki işləri yerinə yetirən 12901 nəfər qadından 9766 nəfəri tədqiqatçı mütəxəssisdir. Onlardan 158 nəfəri elmlər doktoru, 2618 nəfəri isə elmlər namizədidir. Elmlər akademiyasının müxbir üzvlərindən 10-u və akademiklərdən 2-si qadındır.
Aspirantların 30 faizini və doktorantların 22 faizini qadınlar təşkil edir.
Qadınların sağlamlığının qorunması dövlətin ən mühüm vəzifələrindən biridir. Hazırda ölkədə 26 doğum evi, 314 qadın məsləhətxanası, 603 uşaq poliklinikası və ambulatoriyası, 1772 feldşer-mama məntəqəsi fəaliyyət göstərir.