AZƏRBAYCANDA ÜMUMDÜNYA QAÇQINLAR GÜNÜ QEYD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Norveç Qaçqınlar Şurası (NQŞ) BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), digər beynəlxalq və yerli qeyri-hökumət təşkilatları, o cümlədən Right to Play, Həyat və Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi (AİİATRM) ilə birlikdə dənizkənarı Milli parkda tədbir keçirmişdir.
Qarabağdan, Çeçenistandan, Əfqanıstandan, Pakistandan didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrindən olan uşaqların iştirak etdiyi tədbirdə çıxış edən Dövlətqaçqınkomun departament müdirinin müavini Vahid Qəhrəmanov, NQŞ-nin rəhbəri xanım Berit Olsen, UNHCR-in şöbə müdiri Amra Nuhbegoviç bildirmişlər ki, Ümumdünya Qaçqınlar Günü münaqişələr nəticəsində doğma yurd-yuvalarından didərgin düşənlərlə dəstək olduğumuzu nümayiş etdirmək üçün imkandır. Bu günün qeyd edilməsindən əsas məqsəd dünya ictimaiyyətinin diqqətini qaçqınların və məcburi köçkünlərin ağır şəraitinə cəlb etməkdir.
Sonra məcburi köçkün və qaçqın uşaqlarının iştirakı ilə müxtəlif oyunlar və idman yarışları keçirilmişdir. Azərbaycan, Çeçenistan və Əfqanıstan yeniyetmələrinin futbol yarışı, məcburi köçkün ailələrindən olan məktəblilərin asfalt üzərində rəsm müsabiqəsi maraqla qarşılanmışdır. Milli parka toplaşanlar voleybolçuları, bədii gimnastikaçıları da alqışlamışlar.
Qaliblərə kuboklar, fəxri fərmanlar və hədiyyələr verilmişdir.
BMT-nin baş katibi Kofi Annan Ümumdünya Qaçqınlar Günü münasibətilə müraciət etmişdir. Müraciətdə deyilir ki, “yeni həyata başlamağa səy göstərən qaçqınların əksəriyyəti… uzun illər ərzində hətta tamamilə yeni mühitdə belə məruz qaldıqları təhqirlər nəticəsində aldıqları fiziki və psixi zədələrin izlərini daşıyırlar… Hətta sığınacaq aldıqdan sonra belə qaçqınlar dözümsüzlük və ya düşmənçilik halları ilə qarşılaşa bilirlər və bu halda onlar qurban kimi deyil, əksinə, cəmiyyət üçün təhlükə kimi qəbul olunurlar”.
Sənəd vurğulanır ki, qoy bu Gün ümidə daha çox ehtiyacı olanlarda –hələ də doğma yuvalarından uzaq düşmüş milyonlarla qaçqın və məcburi köçkünlərdə Vətənə qayıtmaq hissini sönməyə qoymamaq kimi vəzifə və məsuliyyətimizi bizə xatırlatsın.