Azərbaycanda “Uşaqlara məktəbə hazırlaşmağa kömək et” layihəsi davam edir
Bakı, 5 sentyabr, AZƏRTAC
Bakıdakı Rus evi və “Bank VTB (Azərbaycan)” tərəfindən birgə həyata keçirilən və “GID CSR Consulting” şirkətinin və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunan “Uşaqlara məktəbə hazırlaşmağa kömək et” illik layihəsi çərçivəsində Azərbaycanın Goranboy və İsmayıllı rayonlarında Ailələrə dəstək mərkəzlərində görüşlər təşkil olunub, 50-dən çox uşağa məktəb üçün bel çantası, dəftər, gündəlik və digər ləvazimatlar təqdim edilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, daha bir görüş Rus icmasının Azərbaycanın Gəncə şəhəri və Qərb bölgəsindəki ofisində keçirilib, tədbirdə gələcək birinci sinif şagirdlərinə məktəb üçün bel çantaları və zəruri dəftərxana ləvazimatları təqdim olunub. Görüşdə Bakıdakı Rus evinin, “Bank VTB (Azərbaycan)”ın nümayəndələri və Gəncədəki Rus icmasının sədri Dmitri Kozin iştirak ediblər.
“Uşaqlara məktəbə hazırlaşmağa kömək et” layihəsi cari ildə birinci sinfə gedən aztəminatlı ailələrdən olan uşaqların dəstəklənməsinə yönəlib və Bakıdakı Rus evi və “Bank VTB (Azərbaycan)” tərəfindən və Azərbaycanın Rus İcması, Bakı və Azərbaycan Yeparxiyası, Rusdilli Tədris Müəssisələri Assosiasiyası, “Yaşlek” Azərbaycan-Tatar Gəncləri Mərkəzi, eləcə də “GID CSR Consulting” xeyriyyə təşkilatının dəstəyi ilə həyata keçirilir.