“Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi reallaşdırılır
Bakı, 1 mart, AZƏRTAC
Martın 1-də “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” (Tİİ) layihəsinin açılış konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Prezident İlham Əliyevin elmə, təhsilə daim xüsusi önəm verdiyini vurğulayıb. O, dövlətimizin başçısının təhsil sahəsi ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən danışıb.
Nazir müavini bildirib ki, son illərdə Azərbaycanın ali təhsil sistemində mühüm dəyişikliklər və islahatlar həyata keçirilir, tədqiqat, ixtira, innovasiyayönümlü layihələrə dəstək verilir.
F.Qurbanov qeyd edib ki, Avropa İttifaqı ilə birgə həyata keçirilən “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihə çərçivəsində müvafiq sahələrin idarəolunması üçün imkanların yaradılması, tədqiqatların dəstəklənməsi istiqamətində potensialın gücləndirilməsi və müasir doktorantura təhsil proqramlarının formalaşdırılması nəzərdə tutulur. Həmçinin ali təhsil sistemində Tİİ üçün milli koordinasiya modelinin təklif olunması məqsədilə biri maliyyə mexanizmi olmaqla üç dəstək mexanizmi hazırlanacaq. Həmin mexanizmlərdən biri pilot olaraq həyata keçiriləcək.
Nazir müavini vurğulayıb ki, ali təhsil müəssisələrində tədqiqat və ixtira fəaliyyətinin genişləndirilməsi üçün həvəsləndirici mexanizmlər, “Açıq innovasiya” konsepsiyasının hazırlanması planlaşdırılır. Bu, mövcud tədqiqat və ixtira imkanlarından daha yaxşı istifadə edilməsinə və yeni investisiyaların stimullaşdırmasına imkan yaradacaq.
Tədbirdə məlumat verilib ki, Təhsil Nazirliyinin əsas benefisiarı olduğu və Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi 2018-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayına qədər olan dövrü əhatə edir. Layihənin əsas məqsədi ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların strategiyası və idarəedilməsinin gücləndirilməsindən ibarətdir.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib ki, Azərbaycan ilə təmsil etdiyi qurum arasında əməkdaşlıq müxtəlif sahələrdə olduğu kimi təhsil sahəsində də uğurla davam edir. O, layihənin əsas məqsədinin Azərbaycanın ali təhsil sistemində tədqiqat və innovasiyayönümlü yeni mexanizmlərin yaradılması olduğunu qeyd edib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkədə elm və təhsil sahəsində beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar yaradıldığını, layihənin uğurlu nəticələr verəcəyinə əminliyini qeyd edib.
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev müasir dünyada elmin, təhsilin mühüm rolundan bəhs edib, respublikamızda bu sahənin inkişafı istiqamətində görülən işlərdən danışıb. Layihə barədə fikirlərini diqqətə çatdıran akademik onun təhsilə töhfə verəcəyinə əminliyini vurğulayıb.
Təhsil Nazirliyinin şöbə müdiri və layihənin Azərbaycan tərəfindən əlaqələndiricisi Emin Əmrullayev, Tİİ Türkiyə ofisinin direktoru Yasemin Erdal, layihənin eksperti Krzysztof Qulda tədqiqat, ixtira və innovasiya sahəsində beynəlxalq təcrübələrdən danışıb, layihənin əhəmiyyətini qeyd ediblər.
Sonra müzakirələr aparılıb.