Azərbaycanın ASEAN-dakı səfiri etimadnaməsini təşkilatın Baş katibinə təqdim edib
Cakarta, 18 iyun, AZƏRTAC
İyunun 18-də Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyev ölkəmizin Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasında (ASEAN) səfiri təyin edilməsi ilə bağlı etimadnaməsini ASEAN-ın Baş katibi Lim Jock Hoiyə təqdim edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan səfirinin etimadnaməsini qəbul edən L.J.Hoi ona ASEAN çərçivəsində fəaliyyətində uğurlar diləyib.
Cəlal Mirzəyev, ilk növbədə, ölkə rəhbərliyinin salamlarını və xoş arzularını Baş katibə çatdıraraq, Azərbaycanın ASEAN-la münasibətlərin inkişafına marağını ifadə edib.
Görüş zamanı həmin təşkilatla Azərbaycan arasında mümkün əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Baş katib ASEAN-ın regionda siyasi, iqtisadi, sosial və mədəni əlaqələrin inkişaf etdirilməsində mühüm işlər gördüyünü qeyd edib, bu istiqamətdə təşkilatın fəaliyyətində dinamikanın artırılmasına xüsusi diqqət yetirildiyini bildirib.
Lim Jock Hoi hazırda bütün dünyanı bürüyən COVID-19 pandemiyası ilə bağlı görülən işlərdən danışıb. Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə cari il mayın 4-də keçirilmiş onlayn-sammitin işini yaxından izlədiklərini və yüksək qiymətləndirdiklərini vurğulayıb. COVID-19-a qarşı beynəlxalq müstəvidə aparılan mübarizədə Azərbaycanın liderlik fəaliyyətinin təqdirəlayiq olduğunu bildirib.
Görüşdə, eyni zamanda, tərəflər arasında Cənub-Şərqi Asiya regionunda baş verən siyasi proseslər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta