AZƏRBAYCANIN BÖYÜK OĞLU HEYDƏR ƏLİYEVİN NURLU XATİRƏSİ MOSKVADA VƏ RUSİYANIN REGİONLARINDA EHTİRAMLA ANILDI
Yas mərasimini Azərbaycanın Rusiyadakı səfiri Ramiz Rizayev açdı. O, Heydər Əliyevin hadisələrlə zəngin və mənalı, şərəfli həyatından danışaraq dedi ki, onun nurlu xatirəsi insanların qəlbində əbədi yaşayacaqdır. Bu itki təkcə Azərbaycan xalqına deyil, həm də bütün dünya azərbaycanlılarına üz vermişdir. Bu əvəzsiz itki ilə əlaqədar bütün Rusiya ictimaiyyəti Azərbaycan diasporu ilə birlikdə Heydər Əliyevin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Mərasimdə çıxış edənlər vurğuladılar ki, dünya təkcə beynəlxalq siyasətə öz sanballı töhfəsini vermiş görkəmli siyasi xadimi deyil, həm də elə bir nadir insanı itirmişdir ki, bu fenomenin öyrənilməsinə illər, bəlkə də, əsrlər gərəkdir. Axı, respublikada bütün quruculuq prosesləri, Azərbaycanın müstəqil və suveren dövlət kimi beynəlxalq aləmə çıxması, dünyada yüksək nüfuzu məhz bu dahi və bənzərsiz şəxsiyyətin adı ilə bağlıdır.
Sonra Rusiya Müftilər Şurasının sədri şeyx Ravil Qaynuddin dua oxudu.
Mərasimdə Rusiya və Azərbaycan ictimaiyyətinin görkəmli nümayəndələri, habelə Rusiyanın ayrı-ayrı regionlarının təmsilçiləri iştirak edirdilər.
Ümumrusiya Azərbaycan Konqresinin regional şöbələrinin təşəbbüsü ilə Rusiyanın, demək olar, bütün regionlarında xatirə mərasimləri keçirilmişdir. Heydər Əliyevin vəfatının 40-cı günü ölkəmizin Moskvadakı səfirliyində də qeyd olunmuşdur.
Allah rəhmət eləsin!