Azərbaycanın caz ifaçılarının Rio-de-Janeyroda konserti olub
Bakı, 31 avqust, AZƏRTAC
Azərbaycanın caz ustadları İsfar Sarabski & trio və Şəhriyar İmanov Braziliya turnesinin davamı olaraq, Rio-de-Janeyro şəhərinin məşhur “Blue Note” konsert zalında sonuncu konsertlərini veriblər.
Ölkəmizin Braziliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Rio-de-Janeyrodakı konsert yerli auditoriya tərəfində çox böyük maraqla qarşılanıb.
Konsertə Rio-de-Janeyro şəhərin meriyasının nümayəndələri, burada yerləşən Azərbaycan bələdiyyə məktəbinin müəllim və şagirdləri, həmçinin yerli caz həvəskarları qatılıblar. Tədbir yerli mətbuat tərəfindən geniş işıqlandırılıb.
Qeyd edək ki, Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı və dəstəyi ilə həyata keçirilmiş Azərbaycan ustadlarının Braziliya turnesi cari il avqustun 21-31-də həyata keçirilib. Keçirilmiş konsertlər yerli SESC TV kanalı tərəfindən lentə alınaraq ölkənin müxtəlif televiziya və radiolarında il boyu yayımlanacaq.